Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.
EDNews.net xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.
Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.