Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi

Cəmiyyət A- A A+

Şair Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir.

Hələ körpə ikən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə kimsəsiz qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atası Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.

M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt xanım böyük təsir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. M.Müşfiq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik etmişdir. 

Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlayan gənc şair müntəzəm olaraq, dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olurdu. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şeirlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşviq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan tərcümə edirdi.

M.Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şeirlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şeirləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-da məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.

Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda “Musiqili günlərim” adlı xatirələr kitabı nəşr olunur, 2005-ci ildə isə kitabın son genişləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görür.

Qeyd edək ki, Mikayıl Müşfiqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəb, küçə  və meydana adı verilmişdir. Onun "Yenə o bağ olaydı", “Oxu, tar" və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...