“İyunun 17-dən kəskin öskürəkdən əziyyət çəkirəm. Ümumi iştahasızlıq, halsızlıq və qızdırma var. İndi qızdırmam normaldır, amma adətən axşamlar yüksəlir”.
Bunu Teleqraf.com-a açıqlamasında koronavirus testi pozitiv çıxan “Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla deyib.
Jurnalist hazırda ailə üzvləri ilə birlikdə Atletlər Kəndində karantinə alınıb: “Bundan əvvəl yoldaşım xəstələndi. Artıq xəstəlik onun ağciyərlərin pnevmoniyasına səbəb olub. Bacım Nigarın da testi pozitiv çıxıb. Virus bacımın və mənim ciyərlərimizə təsir etməyib, tənəffüs yollarındadır. Həkimlər hər ikimizin vəziyyətinin yüngül olduğunu deyir”.
Müşfiq Abdullanın sözlərinə görə, xəstəliyin ilk günlərdə Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunublar: “Ona görə də vəziyyət çox ağır deyil. İndi bizə müəyyən dərmanlar veriblər. Virusun ilk əlaməti qızdırmadır. Sonra quru öskürək, daha sonra dad və iybilmənin itməsi başlayır. Virusun ən ağır mərhələsi ağciyərdə pnevmoniya və nəfəs darlığı yaradır”.
Müşfiq Abdulla sonda hər kəsə maskadan istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, Müşfiq Abdulla və Nigar Abdullayeva bacı-qardaşdırlar, onlardan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.