Türkiyənin “Yeni şafak” qəzetində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində yaranan gərginlik və Azərbaycan xalqının mübarizə əzmini əks etdirən silsilə məqalələr dərc edilib.
Qeyd olunur ki, on minlərlə Azərbaycan türkü küçələrə çıxaraq hökumətdən səfərbərlik elan edilməsini tələb edib, ölkənin hər əyalətində "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirilib. Azərbaycandakı bütün siyasi partiyalar Milli Həmrəylik Bəyanatını imzalayıblar və İrəvana ultimatum veriblər. Bəyanatda deyilir: “Xalqımızı həmrəy olmağa və torpaqlarımıza uzanan qanlı erməni əllərini kəsməyə hər an hazır olmağa çağırırıq. Möhtəşəm tarixi olan ordumuzla fəxr edirik”. Bundan əlavə, aprel döyüşlərinin iştirakçısı, İyulun 14-də qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovla bağlı geniş məqalə qəzetdə yer alıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Qarabağlı Umud Mirzəyev Yeni Şafak'a açıqlama verib. O, əsas hədəfin gərginliyin artması ilə "bölgəyə Rusiyanın müdaxiləsini təmin etmək" olduğunu bildirib. “Torpaqlarımız işğal altındadır, təqribən 1 milyon 200 min insanımız el-obasından didərgin düşüb. Ailəm və mən bu səbəbdən çox əziyyət çəkmişik”, U. Mirzəyev deyib.
“Tovuz rayonu Qarabağ ərazisindən çox uzaq məsafədə yerləşir və Ermənistanla həmsərhəd bölgələrdəndir. Ermənilər mülki şəxsləri snayper tüfəngləri ilə hədəfə alıblar. Tovuzda baş verən hadisələr çox ciddidir. Əsgərlərimizi, generalımızı itirdik. Düşmən tərəfə böyük ziyan vurmuşuq. Hesab edirəm ki, gərginliyin artması ilə Rusiyanın bölgəyə müdaxiləsi üçün zəmin hazırlanır”, deyə o qeyd edib.