Paşinyanın növbəti oyunu yoxsa məğlubiyyətin etirafı? | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


Paşinyanın növbəti oyunu yoxsa məğlubiyyətin etirafı?

Cəmiyyət A- A A+
Bildiyiniz kimi Ermənistan hərbi qüvvələrinin 12 iyul tarixində Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki hərbi hissələrinin və dinc əhalinin yaşadığı kəndlərin atəşə tutması nəticəsində mülki şəxs həlak olmuş və bir çox evlər yararsız hala düşmüşdü. Bununla belə Azərbaycan ordusu bu təxribatın qarşısını alaraq növbəti dəfə öz təcavüzkar hərəkətləri ilə beynəlxalq hüququn bütün normalarını pozan erməni tərəfini susdurdu.
Lakin bu hərbi təxribat dünyada yaşayan milyonlarla azərbaycanlını ayağa qaldırdı. Mütəşəkkil şəkildə formalaşmış Azərbaycan diasporunun təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində 60-dan çox dinc və icazəli aksiyalar keçirilərək ermənilərin yalan və təxribatları ifşa edildi. Demək olar ki, bütün regionlarda, dünyanın ən iri şəhərlərində şanlı Azərbaycan bayrağı dalğalandı, müxtəlif dillərdə Ermənistan təcavüzkar dövlətdir şüarı səsləndi, beynəlxalq qurumlara müraciətlər göndərildi. Bütün bunlarla yanaşı öz səslərini dünyaya çatdıran azərbaycanlılar Los-Anceles, Brüssel və Londonda erməni vandalizmi ilə üzləşdi. Azərbaycanlıların birliyi qarşısında aciz qalan ermənilər nəinki dinc və icazəli aksiyaya çıxan azərbaycanlı gənclərə daş, şüşə, sopa ilə hücum etdilər, hətta diplomatik nümayəndəliyin mülkiyyətinə də ziyan yetirdilər. Ermənilər öz əyinlərinə dünyada terrorçu təşkilat kimi tanınan Asala yazılı köynəklər geyinərək bu dəfə də Amerika və Avropanın mərkəzində vandallıq nümayiş etdirdilər. Bu bütün dünyanın gözü qarşısında baş verdi və ictimaiyyətə yayımlandı.
İyul ayının 30-da Ermənistanın baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox dövlət məmurunu istefaya göndərdi. Bu qərar Ermənistan cəmiyyətini çaşqınlığa salsa da, bu addım gözlənilən idi. Belə ki, xaricdə yaşayan ermənilər hər zaman özlərini dünyaya “mədəni” kimi göstərməyə çalışsalar da bu dəfə əsl niyyət və mahiyyətlərini gizlədə bilmədilər.
Paşinyan isə bu hərəkəti ilə xarici ölkələrdə azərbaycanlılara qarşı edilən vəhşiliklərdən sonra beynəlxalq ictimaiyyətin kəskin etirazıyla qarşılaşan və gözdən düşən erməni diasporunun ləkəli imicini təmizləmək istəyir.
Digər tərəfdən, Ermənistanın baş naziri məhz diaspor məsələlərinə cavabdeh dövlət qurumunda kütləvi işdən qovulma əməliyyatı keçirərək yeganə güvəndikləri erməni diasporunun Azərbaycan diaspor təşkilatları və bu sahədə dövlət siyasəti qarşısındakı məğlubiyyəti etiraf edir.
 Belə gedişlə Ermənistanda yaxın zamanlarda daxili gərginlik artaraq ixtişaşlara səbəb olacaq.
 
Elvin Talışınski
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...