11 dekabr 2008-ci ildə, BMT Baş Assambleyası 63-cü sessiyasında, 19 Avqustu Ümumdünya Humanitar Yardım Günü (World Humanitarian Day) elan etmək qərarına gəldi. Bu tarixdə insanlıq borcunu yerinə yetirərkən canlarını fəda edənlərə, milyonlarla insana humanitar yardım göstərənlərə ehtiram ifadə olunur.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev EDNews.net-ə təşkilatın humanitar istiqamətdə fəaliyyəti barədə danışıb.
“80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda əsl humanitar fəlakət müşahidə edildi. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan qaçqın və məcburi köçkün düşmüş insanlar çox çətin bir vəziyyətdə idilər. Bütün bunlar Sovet İttifaqının dağılması və müstəqil Azərbaycanın yaranması fonunda baş vermişdi.
1992-ci ildə qurulan Beynəlxalq Avrasiya Mətbuat Fondu münaqişədən əziyyət çəkənlərə yardım etmək üçün müxtəlif təşəbbüslər irəli sürdü. Azərbaycan tədricən uğurla inkişaf etməyə başladı və ölkədəki vəziyyət sabitləşdi, lakin biz humanitar fəaliyyətimizi davam etdirdik. İndiyə qədər yerli və beynəlxalq qurumlarla, o cümlədən BMT ilə tərəfdaş olaraq, Azərbaycanın cəbhə bölgələrində əhalinin ən həssas təbəqələrinə, qadınlara, uşaqlara dəstək göstərməyə yönəlmiş bir çox layihələr həyata keçiririk.
Əlbəttə ki, koronavirus pandemiyası bütün ölkələrə əhəmiyyətli dərəcədə təsir göstərdi, bir çox layihələr dayandırıldı və ya onlayn formata keçirildi. Bununla belə, humanitar fəaliyyətin əhəmiyyəti azalmadı, əksinə, vəziyyət onu göstərdi ki, xüsusilə də daha az inkişaf etmiş ölkələrdə humanitar yardımın göstərilməsi həyati əhəmiyyət daşıyır. Biz də öz növbəmizdə koronavirus pandemiyası zamanı Azərbaycandakı bəzi qaçqın və məcburi köçkün ailələrinə humanitar yardım göstərdik.
Təəssüf ki, humanitar işçilər bəzən terror və quldur hücumlarının qurbanı olurlar. Humanitar işçilər həkimlərlə birlikdə ön cəbhələrdə olmaqla həyatlarını böyük riskə atırlar, onlarda sağalmaz xəstəliyə yoluxma ehtimalı artmış olur. Buna görə, bu gün, 19 avqustda, öz adımdan və BMT ECOSOC yanında Əsas Məşvərətçi statusuna malik təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondu adından, humanitar vəzifələrini yerinə yetirərkən ehtiyacı olanlara və təəssüf ki, indi bizimlə olmayan insanlara kömək edənlərin hamısına xüsusi təşəkkürümü bildirmək istəyirəm”, -deyərək Umud Mirzəyev sözlərini tamamladı.