Sosial Tədqiqatlar Mərkəzi mütəmadi olaraq müxtəlif sorğular və tədqiqatlar, arayışlar və təhlillər hazırlayaraq nəşr edir. Bu dəfə «İnam İndeksi» nəşrinin üçüncü buraxılışının hesabatı keçirilib.
Eurasia Diary-nin məlumatına görə, hesabatda STM tərəfindən hazırlanan və «İnam İndeksi» nəşrində dərc olunan Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyəti, eləcə də “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu ictimaiyyətə açıqlanıb.
Hesabatla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev fikirlərini bildirib.
"STM qısa müddət ərzində böyük işlər görən, cəmiyyət və dövlət arasında rabitənin sosioloji tərəflərini öyrənən, təhlil edən vacib qurumlarımızdandır. Qurumun fəaliyyətinin peşəkarlıqla idarə olunması, yüksək qabiliyyətli gənclərin elmi araşdırmalara, sosial təhlillərə cəlb edilməsi dövlətimiz və cəmiyyətimiz üçün çox faydalıdır", deyə Umud Mirzəyev bildirib.
Qurumun son hesabatından söz açan Umud Mirzəyev hesabatın hazırlanması və sorğunun keçirilməsində şəffaflığın, yüksək dəqiqliyin qorunmasının əhəmiyyətinə toxunub.
"Ölkə rəhbərinin ordu quruculuğu, korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyəti nəticəsində ictimaiyyət arasında artan nüfuzu əslində STM göstəriciləri ilə üst-üstə düşür", deyə BAMF prezidenti vurğulayıb.
"Bu gün pandemiyanın dünyada tüğyan etdiyi bir dönəmdə yüksək siyasi liderlik qabiliyyəti nümayiş etdirən ölkə prezidentinin qəti və təxirəsalınmaz qərarları nəticəsində ölkəmiz virusla mübarizədə komanda olaraq toparlandı. Prezidentin hər bir görüşdə səsləndirdiyi vətəndaş məsuliyyəti, vətəndaş-dövlət münasibətlərinə dair çoxtərəfli tezislər, yoluxmaya qarşı aparılan preventiv və sərt tədbirlər əhalinin məşğulluq imkanlarını azaltsa da insan taleyinin qorunması baxımından vacib faktorlardan idi ki, bu da əhali arasında yüksək rəğbətlə qarşılanıb. STM-in hesabatı da bu baxımıdan çox önəmli idi. Hesabatda ölkə rəhbərinə inam və etimadın yüksək göstəriciləri müxtəlif media qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlar üçün də bir mənbədir".