Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi hərbi cinayətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Eurasia Diary-nin məlumatına görə, müraciətdə qeyd edilib ki, bu ilin sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir.
Bu gün Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq, bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən 500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutub: “Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib”.
Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildiririk.
Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq. Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə, işğala və təcavüz aktına, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyinə görə Ermənistanın indiyə kimi cəzasız qalması, bu gün onun daha təhlükəli və qəddar cinayət törətməsinə səbəb olur”.
Müraciətə 22 QHT imza atıb.