BMT QAK Azercell-in dəstəyi ilə Bakıda məcburi köçkünlərə Yaponiyadan göndərilmiş eynəklərin paylanışını təşkil edir | Eurasia Diary - ednews.net

15 Yanvar, Cümə


BMT QAK Azercell-in dəstəyi ilə Bakıda məcburi köçkünlərə Yaponiyadan göndərilmiş eynəklərin paylanışını təşkil edir

Cəmiyyət A- A A+

Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park” məcburi köçkün yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlər üçün xaricdən ianə olunmuş eynəklərin paylanışına başlayıb.

İanə olunan eynəklərin sayı 1500 ədəddir və Yaponiyanın “Fuji Optical Ltd” adlı özəl şirkəti tərəfindən Azərbaycana göndərilib. Şirkət BMTQAK-ın mühüm özəl donoru kimi tanınır və məşhur optometrist doktor Akio Kanaiyə məxsusdur. Doktor Akio Kanai 1983-cü ildən bəri dünyanın müxtəlif yerlərində didərgin insanlara davamlı yardımlar və pulsuz optometrik xidmətlər göstərdiyinə görə 2006-cı ildə prestijli “Nansen - Qaçqın Mükafatı”na layiq görülüb.

“Fuji Optical” 2005-2019-cu illər ərzində Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə 15 humanitar missiya həyata keçirib, 60 mindən çox yüksək keyfiyyətli eynək ianə etməklə və 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan digər insanların gözlərinin müayinəsini aparmaqla təxminən 3 milyon ABŞ dolları məbləğində vəsait xərcləyib. “Fuji Optical”ın görmə qabiliyyətinə yardım üzrə Azərbaycana növbəti missiyası 2020-ci ilin may ayına planlaşdırılsa da, qlobal Covid-19 pandemiyası səbəbindən yapon optometrist mütəxəssislərin doktor Akio Kanainin rəhbərliyi atlında ənənəvi səfəri cari ildə təxirə salınmalı oldu.

“Yaponiyanın “Fuji Optical” şirkətinin humanitar yardımı BMTQAK, Azərbaycan hökuməti və benefisiar icmalar tərəfindən həmişə yüksək qiymətləndirilib”, – deyə BMTQAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Quido Ambroso bildirir. “BMTQAK qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin zəruri ehtiyaclarının ödənilməsini təmin etmək və bütün məcburi köçkünlər üçün davamlı həll yollarının tapılmasını asanlaşdırmaq üçün özəl sektor da daxil olmaqla müxtəlif subyektlər tərəfindən yardımların səfərbər edilməsinə və əlaqələndirilməsinə töhfə verməyə davam edir. Bu baxımdan, Yaponiyanın “Fuji Optical” şirkəti tərəfindən göstərilən yardımlar və həyata keçirilən humanitar missiyalar, eləcə də BMTQAK-a nağd pul şəklində ayrılan ianələr həqiqi tərifə layiqdir”, – deyə o, əlavə edib.

Qeyd etmək lazımdır ki, 2006-cı ildə Doktor Akio Kanaiyə “Nansen Qaçqın Mükafatı” olaraq verilmiş pul vəsaiti onun tərəfindən ianə şəklində BMTQAK-a bağışlanıb. Bu məbləğ Beyləqan rayonunda müvəqqəti məskunlaşmış Xocavənd məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə sərf edilib. Bundan əlavə, Yaponiyanın “Yomiuri” qəzeti tərəfindən doktor Akio Kanaiyə verilən 5 milyon yen (təqribən 44 min ABŞ dolları) məbləğində prestijli “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq” mükafatı onun tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna bağışlanıb. Fond həmin vəsaiti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdan məcburi köçkünlərin istifadəsi üçün kənd təsərrüfatı texnikasının alınmasına sərf edib.

BMTQAK bütün dünyada qaçqınların himayəsi və onlar üçün həll yollarının tapılması məqsədi ilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq fəaliyyətlərə rəhbərlik etmək və onları koordinasiya etmək səlahiyyətinə malikdir. Qurum Azərbaycanda 1992-ci ilin dekabrından, ölkə kütləvi didərgin axını problemi ilə üzləşdiyi vaxtdan fəaliyyət göstərir.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...