Fransa Senatının Qarabağın müstəqilliyinin tanınmasına çağıran qətnaməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəfliyini tamamilə sarsıtmaqla yanaşı, bir çox Avropa dəyərlərinə qara ləkə saldı.
Eurasia Diary xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev bildirib.
U. Mirzəyev hesab edir ki, bu hərəkət ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyinə dair Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən sənədlərə ziddir.
O, Qarabağ münaqişəsi dövründə nahaq qanların töküldüyünü, çox sayda insan talelərinin məhv edildiyini, 30 ilə yaxındır bir milyon məcburi köçkünün doğma yurdlarına qayıtmasını gözlədiyini qeyd etdi.
"Bu müddət ərzində Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hər şeyi məhv edib, meşələri yandırıb və bir çox tarixi və mədəni obyektləri yerlə yeksan edib. Məscidlərimizdə donuzlar və inəklər saxlanılıb. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat 30 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoydu və Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açdı".
BAMF prezidenti, həmçinin Fransanın böyük ehtimalla bölgədə sülhün bərqərar olmasını istəmədiyini, yeni qurbanlara yol açacaq münaqişəni yenidən alovlandırmağa çalışdığını qeyd etdi.
"Bu, dərin məyusluq doğurur və Azərbaycandan qətiyyətli cavab tədbirləri görməyi tələb edir. Fransanın, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının, Ermənistanın bütün işğalçı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonundan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini imzalamış bir dövlətin Senatı bu gün Qarabağın müstəqilliyinin tanınmasına çağıran bir qətnamə qəbul edir. Bu necə ola bilər? Fransanın artıq ATƏT-in Minsk qrupunun üzvü olmağa haqqı yoxdur. Ölkə özünü təkcə bu təşkilatın həmsədri kimi deyil, həm də Avropa İttifaqına üzv dövlət kimi rüsvay etdi. Qarabağ bütün dünya tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınır və bu əbədiyyən belə olacaq!", deyə Umud Mirzəyev fikrini tamamlayıb.