Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Eurasia Diary xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.
Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.
Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etiblər.
Dövlətimizin başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.
Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.
Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.
***
Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.