MQF-nin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri onlayn müzakirə edildi | Eurasia Diary - ednews.net

11 Aprel,


MQF-nin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri onlayn müzakirə edildi

Cəmiyyət A- A A+

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 23 fevral 2020-ci il tarixində “Vətəndaş cəmiyyətinin inkişafı və ictimai nəzarətin təmin olunması” mövzusunda QHT rəhbərlərinin və ekspertlərin iştirakçılığı ilə növbəti ictimai müzakirə keçirildi. Müzakirənin gündəliyində duran məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına çağırışına əsasən ölkədə vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması məsələləridir. MQF-nin prezidenti Rauf Zeyni iştirakçıları salamlayaraq açılışı etdi. Ölkə Prezidentinin ictimai nəzarətin təmin edilməsi müraciətini diqqətə çatdıraraq QHT sektorunun bu fəaliyyətdə aktiv iştirak etməsi üçün keçən tədbirdəki müzakirələr əsasında təkliflər hazırlandığını qeyd etdi. Təklifləri səsləndirməsi üçün MQF-nin vitse-prezidenti, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərliyə söz verdi. Asif Əsgərli qeyd olunan təklifləri səsləndirdi və hər birinin vacibliyini vurğuladı:

  1. Ölkəmizdə aparılan islahatlara, dövlətin inkişaf prioritetlərinə və cəmiyyətin yeni çağırışlarına adekvat olan “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyi” adlı yeni Konsepsiya hazırlansın.

  2. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının rolunun artırılmasına, ölkədə 3-cü sektorun siyasi və dövlət idarəçiliyində, qərar qəbuletmə və icraçılıqda çəkisinin yüksəldilməsinə və ictimai sferanın daha fəal iştirakına nail olmaq üçün İctimai Palata yaradılsın.

  3. Vətəndaş cəmiyyətinin inkişafına yönəlik qanunvericilik bazasında, o cümlədən, “QHT-lər (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda ciddi dəyişiklik və əlavələr edilsin.

  4. Xarici donorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə şərait yaradılsın.

  5. Milli donorlar şəbəkəsinin şaxələndirilsin və fəaliyyət arealı genişləndirilsin.

  6. Özəl sektorun vətəndaş cəmiyətinə dəstəyini artırmaq, özəl sektor-QHT əməkdaşlığını genişləndirmək üçün hüquqi-iqtisadi stimullaşdıcı addımlar atılsın.

  7. Ölkədə ictimai nəzarətin effektiv və praktik tətbiqi təmin edilsin və bu istiqamətdə qanunvericilikdə və prosesin icrasında dəyişikliklər həyata keçirilsin.

  8. Ölkədə QHT-nın əsas koordinasiyaedici və geniş şəbəkəli platforması olan, 22 illik zəngin təcrübə və bazaya malik Azərbaycan Milli QHT Forumu daimi qərargahla və illik saxlanma vəsaiti ilə təmin olunsun. 

Bu təkliflərin əsasında QHT rəhbərləri – Sabit Bağırov, Eyyub Hüseynov, Qorxmaz İbrahimli, İlham İsmayılov, Azər Həsrət, Qalib Nəbiyev, Mehdi Mehdiyev, İradə Rizazadə, Aydın Əbilov, Əli Mizrəyev, Gülnarə Hüseynova, Ruslan Quliyev, Çingiz Bayramov, İbrahim İbrahimov, Fuad Bədəlov və Ramil Əliyev çıxış etdi. İctimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması, QHT-lərə dövlət dəstəyi, QHT-hökumət əməkdaşlığının inkişafı, ictimai nəzarətin təmin olunması üçün dövlət səviyyəsində münbit şəraitin yaradılması, dövlət qurumları yanında yaradılan İctimai Şuraların fəaliyyətinin koordinasiya olunması, ictimai nəzarətin effektivliyi, şəffaflıq və ictimai nəzarətlə əlaqədar cəmiyyətin maarifləndirilməsinin genişləndirilməsi, TV və media ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud maneələrin aradan qaldırılması və digər məsələlərlə bağlı öz təkliflərini irəli sürdülər.

Rauf Zeyni sonda iştirakçılara öz minnətdarlığını bildirdi və qeyd etdi ki, MQF-nin təşəbbüsü ilə qeyd olunan mövzuda dəfələrlə ictimai müzakirə keçirilmiş və mövcud vəziyyətdən çıxış yolları axtarılmışdır. Təəssüf ki, indiyə qədər olan müzakirələr gözlənilən nəticəni verməmişdir. O əlavə etdi ki, hazırlanan və təqdim olunan təkliflər Ölkə Prezidentinə göndərilərək mövcud problemlərin aradan qaldırılmasına dəstək verilməsi üçün müraciət ediləcək.

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir sıra QHT rəhbərlərinin silsilə görüşləri keçirilmişdir. Vətəndaş cəmiyyətini narahat edən bütün məsələlər bu görüşdə müzakirə edilmişdir.

Biz inanırıq ki, Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaxın gələcəkdə vətəndaş cəmiyyətinin mövcud problemləri öz həllini tapacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...