“Ötən gün Azərbaycan tarixində ikiqat önəmli bir gün yaşandı. Milli Qurtuluş Gününü qeyd edən Azərbaycan xalqı, Türkiyə və Azərbaycan qardaşlığının ən bariz nümunəsi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahid oldu”.
Bunu Eurasia Dairy-yə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Şuşa Bəyannaməsi barədə danışarkən bildirib.
U. Mirzəyev qeyd edib ki, bu bəyannamə “Azərbaycan tək deyil və Türkiyə daim onun arxasındadır” mesajıdır və bütün türk dünyası üçün böyük önəm daşıyır: “İyun ayının 15-i Azərbaycanın tarixində özəl bir gündür və Milli Qurtuluş günü Azərbaycanın müasir tarixində önəmli günlərdən biridir. Türkiyə-Azərbaycan qardaşlığını ən yüksək səviyyədə olduğunu göstərən Şuşa Bəyannaməsinin həmin gündə imzalanması isə bu tarixə xüsusi və fövqəladə bir dəyər verən hadisə idi. Şuşada nələrin baş verdiyini dillə ifadə etmək çox çətindir. Mən bir azərbaycanlı, bir qarabağlı olaraq həm fəxr edirəm, həm də çox xoşbəxtəm. Çünki bu, Qarabağımızın taleyinin artıq tam həll olunduğu önəmli bir məqamdır və mən bu səbəbdən özümü iki qat xoşbəxt sayıram”.
BAMF prezidenti bildirib ki, Azərbaycan xalqı bu hadisəni uzun illər gözləyib və ümid edib: “8 noyabrdan sonra 30 illik bir nisgilə, ağrıya-acıya son qoyuldu. Onu da qeyd edim ki, mən o ağrılı vaxtları unutduracaq belə gözəl günlərin nə zamansa gələcəyinə həmişə inanmışam. İnanırdım ki, bizim elimizə, obamıza, kəndimizə qayıdacağımız günümüz olacaq. Şükürlər olsun ki, biz noyabrın 8-də Şuşanın qaytarılması, eləcə də ötən gün Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi ilə həmin günü gerçəkləşdirmiş olduq. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu, təkcə Ermənistana yönəldilən mesaj deyil. Bu, bütün dünyaya ünvanlanan son dərəcə ciddi bir mesajdır. Bu bəyannamə onların havadarlarına ünvanlanan mesajdır. Bu mesaj bir daha aydın etdi ki, artıq onlar üçün hər şey geridə qalıb, qatar artıq gedib və geriyə dönüş yoxdur”.