Mətbuat Şurası Rafiq Hacıyevlə bağlı nekroloq imzalayıb | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Mətbuat Şurası Rafiq Hacıyevlə bağlı nekroloq imzalayıb

Cəmiyyət A- A A+

Azərbaycan jurnalistikasına və publisistikasına böyük itki üz verib. İyulun 28-də istedadlı yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Qənbər oğlu Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib.

EDNews.net xəbər verir ki, Rafiq Hacıyev Yevlax şəhərində anadan olub, burada orta təhsil alıb. Yeniyetmə dövründən rəssamlığa, musiqiyə, incəsənətə və jurnalistikaya çox böyük həvəs göstərib. İlk yazıları respublika uşaq nəşrlərində və rayon qəzetlərində çap olunub.

Mərhum həmkarımız 1975–1980-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbə ikən “Xalq qəzeti”ndə ("Kommunist" qəzeti) çalışmış R.Hacıyevin imzası geniş tanınmağa başlayıb. Uzun illər bu qəzetdə müxbir, baş müxbir, məsul katib müavini və məsul katib vəzifələrində çalışıb. O, həminin “Səhər” qəzetində də məsul katib vəzifəsini tutub.

1991–1993-cü illərdə "Azərbaycan", "Həyat" qəzetlərində məsul katib, "Odlar Yurdu" qəzetinin baş redaktor olub. 1993-1995-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir və buraxılış redaktoru işləyib. Sonrakı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat mərkəzinin məsul əməkdaşı kimi fəaliyyət göstərib.

R.Hacıyev bir sıra bədii-sənədli əsərlərin və kitabların müəllifi olaraq da tanınıb. Milli mətbuatımızın inkişafındakı xidmətləri və kitabları "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul Rza", “Humay”, “Mahmud Qaşqarlı” mükafatlarına layiq görülüb.

Yazıçı-jurnalist, gözəl insan, səmimi dost Rafiq Hacıyevin vəfatı son dərəcə ağırdır. Mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini və kədərlərini bölüşürük. İstedadlı həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Allah Rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...