Umud Mirzəyev Prezidentlə görüşündən danışdı - Dövlət başçısına bəzi təklifləri çatdırdım - VİDEO - FOTOLAR - ednews.net

3 Dekabr, Cümə

Umud Mirzəyev Prezidentlə görüşündən danışdı - Dövlət başçısına bəzi təklifləri çatdırdım - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edib. O, bu gün ARB telekanalında çıxışı zamanı görüşlə bağlı bəzi detalları bölüşüb.

U. Mirzəyev qeyd edib ki, bir il öncəyə qədər həmişə işğal günləri ərəfəsində studiyalara dəvət alar, gördüyü iş, fəaliyyəti barədə danışar, işğal olunmuş torpaqlarla bağlı xatirələrini dilə gətirərdi: “Amma bu gün çox xoşdur ki, qələbədən danışıram. Bu 44 günün hər anı, hər saniyəsi qələbələrlə doludur. Bu gün Füzulidə əvvəlkindən iki dəfə artıq əhali yaşayacaq. İnsanlarımız geri dönməkdə həvəslidirlər. Bu həm də o deməkdir ki, Füzuli böyüyür, inkişaf edir. Şəhər 50 min nəfər üçün planlaşdırılır. 2040-cı ildə 50 min nəfərlik şəhər salınacaq. Hər evin 12 sot həyəti olacaq”.

U. Mirzəyevin sözlərinə görə, Füzulidə çox böyük infrastruktur layihələri həyata keçirilir: “130 minlik Füzuli əhalisi arasından seçilərək, dəvətlilər arasında idim. Füzulinin bərpası layihəsi ilə tanış olarkən keçirdiyim hissləri ifadə etmək çox çətindir. İnşallah insanlarımız o layihələr reallaşınca görəcəklər ki, hansı miqyasda fəaliyyətlər göstərilir. Füzuli artıq magistral yolların qovşağıdır. Biz orada olarkən Füzuli-Ağdam avtomobil yolunun təməli qoyuldu.

Biz 30 il iztirablar yaşadıq, amma şükürlər olsun ki, indi bu sevinc dolu günləri görmək bizə qismət olub. Bunu bizə şəhidlərimiz, müzəffər ordumuz, Ali Baş Komandanımız bəxş edib. Şəhidlərimizin böyük hissəsi Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə həyatını qurban verib”.

U. Mirzəyev bildirib ki, dövlət başçısı ilə görüşdə mədəniyyət abidələri, kəhrizlərlə bağlı təkliflər verilib. Görüş zamanı o, orta məktəbdə oxuduğu zaman tez-tez ziyarət etdiyi Araz qəzetindən söhbət açıb, gələcəkdə kənd təsərrüfatı ilə məşğul olacaq insanların pay torpaqlarıyla bağlı məsələlərə toxunub. O, həmçinin qeyd edib ki, Prezident bərpa işlərinə məsul olan insanlara onlarla yenidən görüşməyi tapşırıb: “Mən o insanlarla görüşüb təkliflərimi bir daha bildirəcəm. Təbii ki, bu bərpa prosesində xeyli dəyişikliklər olacaq, kəndlər birləşdiriləcək, Füzuliyə xırda kəndlərdən köçən insanlar olacaq. Sizi əmin edirəm ki, bunların hamısı yaxşılığa doğru atılan addımlardır. Cənab Prezident qayıdış prosesində bu insanlara məxsusi şərait yaradılması üçün xüsusi tapşırıq verdi. Bu proqrama görə, gələn il bu vaxt füzulililər öz evlərində olacaq”.

BAMF prezidenti bildirib ki, son 30 ildə xarici jurnalistlərin, xarici diplomatların, parlamentarilərin təmas xəttinə səfərlərini təşkil edib, məcburi köçkünlərlə daim ünsiyyətdə olub. O qeyd edib ki, insanlar öz torpaqlarına qayıdacaq və Qarabağımız əvvəlkindən də qat-qat gözəl olacaq.

Videomaterialı təqdim edirik:

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...