Zəngilanda radio və televiziya yayımı təmin olundu - ednews.net

30 Noyabr, Çərşənbə axşamı

Zəngilanda radio və televiziya yayımı təmin olundu

Cəmiyyət A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.

EDNews.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bu, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanının icrası ilə əlaqədar infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində görülən işlər çərçivəsində baş tutub.

Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq ötən il dekabrın 31-dən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.

Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...