"Azərxalça"nın sabiq rəhbəri vəfat edib - ednews.net

2 Dekabr, Cümə axşamı

"Azərxalça"nın sabiq rəhbəri vəfat edib

Cəmiyyət A- A A+

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.

EDNews.net xəbər verir ki, bu barədə “Report”a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, ötən həftə V.Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və o, azadlığa buraxılmışdır.

Xatırladaq ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...