“Əl-Cəzirə” telekanalının əməkdaşı BAMF-da həmkarlarını ziyarət edib - ednews.net

27 Yanvar, Cümə axşamı

“Əl-Cəzirə” telekanalının əməkdaşı BAMF-da həmkarlarını ziyarət edib

Cəmiyyət A- A A+

Qətərin dünyaca məşhur “Əl-Cəzirə” telekanalının müxbiri Sinem Koseoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunda olaraq azərbaycanlı həmkarlarını ziyarət edib. 

Qeyd edək ki, “Əl-Cəzirə” komandasının Azərbaycana səfərinin əsas məqsədi son vaxtlar Qarabağ bölgəsində yaşananlar, ermənilərin bölgədə törətdikləri təxribatlar nəticəsində yaranmış vəziyyətlə bağlı canlı yayımlar etməkdir. Jurnalist həmkarlarımız həmçinin, Vətən müharibəsindən sonra bölgədə gedən quruculuq işləri ilə yerində tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərdə də olublar.

S. Koseoğlu səfər təəssüratlarını Eurasia Diary ilə bölüşüb.

“Mən Azərbaycana ilk dəfə 2012-ci ildə, kiçik bir komandanın tərkibində sənədli film çəkilişləri aparmaq üçün gəlmişdim. O zaman TRT-də çalışırdım. Şəhərdə “Eurovision” üçün böyük hazırlıq prosesi gedirdi. Bakının hər yerində abadlıq işləri görülürdü. O zaman paytaxtın görünüşündən çox təsirlənmişdim. Çünki getdiyim şəhərlərin memarlığı da mənim üçün önəmlidir. Jurnalist olaraq bir çox müsahibələr apardıq, çəkilişlər etdik. Həmin vaxt məndə Bakıya bir daha dönmək istəyi yarandı.

Zaman keçdi və Azərbaycana təkrar gəlişim keçən il Qarabağ müharibəsi dövrünə təsadüf etdi. 2020-ci ilin yayında ermənilər Tovuz rayonuna hücum edəndə xəbər mərkəzi olaraq rəhbərliyə xəbərdar etdim ki, bu strateji yerdə önəmli hadisələr baş verir, ciddi hərəkətlilik ola bilər. Bu haqda məqalələr dərc etdik. İlk toqquşmalar başlayanda 24 saat içində buraya gəldik. Savaş başlayanda buraya ilk gələn xarici media nümayəndəsiyəm. Biz “Əl-Cəzirə” olaraq prosesləri yaxından izləyirdik. Türk jurnalist olaraq ölkənin dilini bildiyim üçün, ölkəni pis-yaxşı tanıdığım üçün məni göndərmişdilər. O vaxt mühüm hadisələrə şahidlik etdik. Təmas xəttində, qaynar nöqtələrdə idik. Yolda getdiyin yerdə mərmi düşürdü. Gəncəyə ilk raket hücumu unutmadığım bir gündür. Sonra Yevlaxa çəkilişə getmişdik. Canlı yayın edirdik. Bildirildi ki, indicə iki raket hücumu olub. Hadisə yerinə getdik. Ailə üzvlərini, qohumlarını axtaran, ağlayan insanları gördük. Bizdən sonra burada baş verənləri digər xarici media orqanları da çəkdilər.  

Həmin dövrdə cənab Prezident İlham Əliyevdən müsahibə götürmüşdüm. Azərbaycan Prezidenti uzun fasilədən sonra ilk dəfə bizə geniş müsahibə verdi.  

O zaman mümkün qədər insan hekayələrini işıqlandırmağa çalışdıq. Tərtərdəki jurnalistlərlə birlikdə məktəblərə, sığınacaq evlərinə yerləşən qaçqınları dinlədik, mərmilərin onların evlərini necə yandırdığını çəkdik. Həyatda qalmaq üçün necə mübarizə apardıqlarını gördük. İnsanların nələr yaşadıqlarını anlatmağa çalışdıq. 30 il öncə texnologiya bu qədər inkişaf etməmişdi. Amma 44 günlük savaşda hesab edirəm ki, Azərbaycan daha rahat şəkildə səsini dünyaya çatdıra bildi.

İstanbulda ofisdə çalışarkən bir gün baxdım ki, Füzulidə beynəlxalq hava limanı açılır və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ora gedəcək. Düşündüm ki, ilahi, nə qədər tez bir müddətə hava limanı tikilib! Əlbəttə, Qarabağda torpaqların işğaldan azad edilməsi və qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasının təmin edilməsi önəmlidir. Amma bu layihələrin çox sürətli şəkildə həyata keçirilməsi məni hər zaman təəccübləndirib. 8 ay içində hava limanı tikilmişdi!

Zəngilanda “Ağıllı kənd” pilot layihəsi üzrə salınan kəndə də getdik. May ayında başladılan layihəyə görə kənd özünü enerji ilə təmin edir, eyni zamanda insanların əkin-biçin işləri görməsi üçün torpaq sahələri ayrılıb. İnsanları həm ev, həm də məşğulluqla təmin edəcək layihələr həyata keçirirlər. Təbii ki, bu hələ başlanğıcdır. Artıq oraya getməyi səbirsizliklə gözləyən Azərbaycan vətəndaşları var. İnsanlar Qarabağ üçün “gözəl yurdumuzu orda qoyub gəldik” deyib ağlayırdı. Mənə maraqlı idi “görəsən əslində nə qədər gözəl məkandır”. Gerçəkdən Qarabağın landşaftı, yaşıllığı, havası, çox gözəl atmosferi var. 1 milyon 200 min qaçqın insanın oraya geri qayıdışı biz jurnalistlər üçün yeni-yeni hekayələr, yayımlayacağımız yeni-yeni xəbərlər olacaq. Şəxsi müşahidələrimə görə, Füzulidə yeni yaşayış məskənlərində yaşayanlar bu layihələrə ümidlə yanaşırlar. “Biz burada böyüyə bilmədik, qaçqın olduq, amma uşaqlarımız burada böyüyə bilir” deyirlər. İnsanlar üçün cazibə mərkəzi yaratmağa çalışırlar”.

Sinem Koseoğlu hazırda işğaldan azad edilmiş ərazilərin ən böyük problemi olan mina təhlükəsizliyi ilə bağlı fikirlərini də bildirib.

“İnsanların torpağa mina basdırmasını görmək çox kədərlidir. Qarabağda olarkən yolun sağında da, solunda da, hər yerdə mina xəbərdarlığına dair lövhələrə rast gəlmək mümkündür.

Operator dostumla bu minaların nə vaxt təmizlənəcəyini müzakirə edirdik. Bir tərəfdən ora bir həyat aparmağa çalışırsan, amma digər tərəfdən də hər an həyatını ala biləcək təhlükələr var. Səlahiyyətli şəxslərin bildirdiyinə görə, əldə olan mina xəritələri dəqiq deyil və bu problem Azərbaycanın qarşısında dayanmaqda davam edəcək. Amma bu, heç cür qəbul ediləcək bir şey deyil. Mina bir tələdir. Mən dünya insanı olaraq minanı bir gerçəklik olaraq qəbul edə bilmirəm. Beynəlxalq qurumların Azərbaycana bu minaların bir an öncə təmizlənməsi üçün dəstək olması lazımdır. Çünki söhbət çox böyük bir ərazidən gedir. Ermənistan rəhbərliyi bütün mina xəritələrini Azərbaycana təhvil verməlidir. Hər kəs üçün rahat bir yerə çevrilməsi üçün bu addım atılmalıdır".

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...