Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi davam edir.
Layihə çərçivəsində Tərtər rayonunun Həsənqaya kəndində və Şıxarx qəsəbəsində təlimlərə başlanılıb. Təlimçilər proqram haqqında ətraflı məlumat verərək, təlim iştirakçılarının öz ətraflarındakı insanları bu proqramla tanış edərək onları maarifləndirmələrinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, layihədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətindən söz açılıb.
Qeyd edək ki, mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları haqqında vacib qaydalar iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin, əhalinin minalanmış ərazilərlə bağlı maarifləndirilməsinin çox önəmli və əhəmiyyət kəsb edən məsələ olduğu xüsusilə vurğulanıb.
Adıçəkilən ərazilərdə keçirilən təlimlərdə 60-a yaxın uşaq, 75 nəfər kişi və 35 nəfər qadın olmaqla 200-ə yaxın sakin iştirak edib.
Təlimlərdə BAMF-ın regional koordinatorları Fariz Vəliyev, Vüqar Yusifli və Qabil Aşirov iştirak edib.
Maarifləndirmə tədbirləri davam edir.