24-25 noyabr tarixində Göygöl rayonunda Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi keçirilib.
Təlim zamanı mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları haqqında vacib qaydalar çatdırılıb. Həmçinin, qeyd edilib ki, əhalinin minalanmış ərazilərlə bağlı maarifləndirilməsi çox önəmli və əhəmiyyət kəsb edən məsələdir.
Təlimatçı Musa Cəlalov proqram haqqında ətraflı məlumat verib, lazımi bilik və bacarıqları çatdırıb, sualları cavablandırıb. Təlimlərdə BAMF-ın regional koordinatorları Fariz Vəliyev, Vüqar Yusifli və UNİCEF-in nümayəndəsi Bəxtiyar Səlimov iştirak ediblər. Daha sonra Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi Hüseyn Məhərrəmli layihənin əhəmiyyətini və aktuallığını qeyd edib.
Sonda təlim iştirakçılarına maarifləndirici materiallar paylanıb.