Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyev anadan olduğu Beyləqan rayonunda dəfn edilib.
Şəhid hərbçi Beyləqan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azər İbrahimov, şəhidin xidmət yoldaşları və rayon sakinləri iştirak edib.
Yaylım atəşi açılıb. Şəhidin tabutu bükülmüş Azərbaycan Bayrağı onun atasına təhvil verilib.
***
Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.
Şəhidin cənazəsini kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb. Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.