Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi davam edir.
EDNews.net xəbər verir ki, layihə çərçivəsində 01-02 dekabr tarixlərində Füzuli rayonunda təlimlər başa çatıb. Təlimçi Musa Cəlalov proqram haqqında ətraflı məlumat verərək, təlim iştirakçılarının öz ətraflarındakı insanları bu proqramla tanış edərək onları maarifləndirmələrinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda o, bu layihədə BAMF-ın fəaliyyətindən söz açıb. Təlimdə regional koordinatorlar Fariz Vəliyev, Vüqar Yusifli və Vidadi Məmmədzadə də iştirak ediblər.
Təlim zamanı mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların Böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları haqqında vacib qaydalar çatdırılıb. Həmçinin, qeyd edilib ki, əhalinin minalanmış ərazilərlə bağlı maarifləndirilməsi çox önəmli və əhəmiyyət kəsb edən məsələdir.
Çıxışın sonunda iştirakçılara qaydalara düzgün əməl edərək minalanmış ərazilərdən özlərini qorumaq və təlim zamanı öyrəndikləri məlumatları digər insanlarla paylaşaraq onların da məlumatlanmasına kömək etmək tapşırılıb.