Çörəyi ver çörəkçiyə... - Bakı marketlərində nə baş verir? - ednews.net

19 Yanvar, Çərşənbə

Çörəyi ver çörəkçiyə... - Bakı marketlərində nə baş verir?

Cəmiyyət A- A A+

Artıq bir neçə gündür ki, ölkədə çörəyin qiyməti ilə bağlı davam edən müəmma nəhayət ki, onun30 faizə yaxın bahalaşması ilə nəticələndi.

Əvvəlcə çəkisi ciddi şəkildə azalan çörək, sonra mağazalarda qeyb oldu. Hələ yeni ildən əvvəl günün istənilən zamanı mağazaların piştaxtasında tapılması problem olmayan zavod çörəyi, il başlayar-başlamaz mağazalara məhdud sayda verildi. Ardınca qiymətin qalxacağı ilə bağlı söhbətlər gəzdi. Sonra isə iri un və çörək istehsalçıları müraciətlə çıxış edərək, qiymətin artacağı ilə bağlı anons verdilər.

Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi qiymət artımına nəzarət ediləcəyi, qanunsuz qiymət artıranların cəzalandırılacağı barədə müəmmalı açıqlama verilsə də, bu, öz müsbət təsirini göstərmədi. Çünki komitənin açıqlamasında hansı - indiyə qədər olan, yoxsa artımdan sonrakı qiymətlərə nəzarət olunacağı deyilmirdi. Digər tərəfdən, çörək bişirmə müəssisələri artıq çoxdan dövlət nəzarətindən çıxdığından, komitənin bəyanatı işləmədi.

Nəticə olaraq, dünən axşama kimi çörəyin qiyməti köhnə qiymətə - 50 qəpiyə satılsa da, hazırda mağazalarda qiymət artımı var. Bəzi yerlərdə 600 qramlıq çəkiyə malik çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə qalxıb, 400 qramlıq çörək isə 50 qəpiyə təklif olunur.

EDNews.net Bakıdakı iri marketlərdə çörəyin və unun qiymətini araşdırıb.

Bakı şəhəri Yasamal rayonunda yerləşən “Bolmart”, "Bazarstore", "Bravo" və "Bizim Market" supermarketlərində olduq. Marketlərdəki çörək və un məmulatlarının alıcılıq qabiliyyəti və qiymətlərilə maraqlandıq. Sözügedən marketlərin hər birində vəziyyət eyni idi. Xüsusilə çörək piştaxtalarında ya ağ zavod çörəyinə rast gəlinmir, ya da kəskin qiymət artımı müşahidə edilir. Belə ki, 600 qramlıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə, 400 qram çörəyin qiyməti isə 30 qəpikdən 50 qəpiyə qalxıb. Müşahidələrimiz mağazalarda dünəndən etibarən çörək qıtlığının yaşandığını, yaxud kütlənin qiymət artımından çox narazı olduğunu göstərdi.

Bəs vətəndaşların sosial səviyyəsi bu artımlardan başa çıxacaq səviyyədədirmi?

Mövzu ilə bağlı EDNews.net-ə danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən tənzimlənən qiymətlərlə yanaşı, dövlət tərəfindən tənzimlənməyən qiymətlər var: “Tənzimlənməyən qiymətlər dövlətin apardığı siyasətin təsirlərini özündə əks etdirir. Məsələn, siqaretin qiyməti aksiz vergiləri ilə bağlıdır. Dövlət aksiz vergilərini artıran kimi siqaretin qiyməti də artır".

Ekspertin sözlərinə görə, unla bağlı isə məsələ bir az fərqlidir. "Burada da hökumətin müəyyən rolu oldu. Çünki yanvar ayının 1-dən un istehsalçılarına verilən subsidiyalar tamamilə dayandırıldı. Nəticədə, dünya bazarlarında buğdanın, unun qiymətinin artması Azərbaycana da təsir etdi. Biz özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. İldə 1,2-1,3 milyon ton xaricdən buğda almağa məcburuq. Və dünyada buğdanın qiymətinin qalxması Azərbaycana da təsir etdi. Üzərinə də hökumətin un istehsalıçılarına verilən subsidiyaların dayandırılmasını gələndə, belə bir mənzərə yarandı.

Ümumiyyətlə, Azərbaycanda inflyasiya çox sürətlə gedir. Qiymətlər çox sürətlə artır. Bu insanların sosial vəziyyətinə mənfi təsir göstərir. Və çox təəssüf ki, yanvarın 1-dən qüvvəyə minən maaş və təqaüd artımı inflyasiyanın qurbanına çevriləcək".

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...