Xəbər verdiyimiz kimi, “Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb.
Tədbirdə Ağcabədi Rayon İcra başçısı Rafil Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin sədri Zülfüqar Mirzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov, “Qarabağ qaziləri" İB-nın sədri Asəf Əliyev, millət vəkili Aqil Abbas, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdi Mehdiyev, Milli Qəhrəman, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, eləcə də Ağdam, Tərtər, Bərdə və ətraf rayonlardan qazilər, şəhid ailələrinin üzvləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbirdə ictimaiyyət nümayəndələri çıxışlar edib.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri ürək sözlərini şəhid ailəsinə çatdırıb. Şəhid ailəsi göstərilən təşəbbüsə görə aksiya təşkilatçılarına təşəkkürünü bildirib.
Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev xaricdə yaşayan azərbaycanlıların şəhid ailələrinə olan diqqət və münasibətindən danışıb.
Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova özünün də bir şəhid ailəsi olduğunu və ölkə ictimaiyyətinin şəhid ailələrinə olan qayğı və diqqətindən çox məmnun qaldığını bildirib.
Millət vəkili Aqil Abbas şəhid ailəsinə olan dəstəyin bütün millətin könlünü fəth edəcəyini bildirib.
Şəhid ailəsi mənzil ilə tanış olub.
Tədbir iştirakçıları şəhid ailəsi ilə birlikdə çay süfrəsində əyləşiblər.
Tədbir iştirakçıları şəhid ailəsi üçün tikilmiş evin həyətində ağac əkiblər.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri yerli telekanallara müsahibə verib.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.