Bakı metrosunda dəyişiklik - 20 Yanvar üçün yeni qrafik... - ednews.net

20 May, Cümə

(+994 50) 229-39-11

Bakı metrosunda dəyişiklik - 20 Yanvar üçün yeni qrafik...

Cəmiyyət A- A A+

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

EDNews-un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.

Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər, deyə məlumatda deyilir.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı Metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqlar. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.

Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.

O müdhiş gecə metropolitenin kollektivi səhərə qədər fədakarlıq göstərərək, yüzlərlə insan həyatının qurtarılmasında, yeganə sığınacaq yeri kimi onlara dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.

Metropolitenin çoxminlik kollektivinin nümayəndələri də həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edir.

20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var. Metropolitençilər bütün şəhidlərimizin xatirəsini daim əziz tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...