Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi parklanma ilə bağlı reydlərə başlayıb. Bu qərar son zamanlar avtomobillərin dayanma-durma və parklanması ilə bağlı şikayətlərin artması səbəbilə verilib.
Reydlərlə bağlı Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ednews-a açıqlamasında bildirib ki, paytaxtın inzibati ərazisinə düşən bütün prospektlər polis əməkdaşlarının tam nəzarətinə götürülüb. Hazırda bütün yoxlamalar gücləndirilmiş iş rejimi ilə davam etdirilir.
“Ötən gün verilən məlumat əsasında artıq bir çox vətəndaşın avtomobilləri üçün qeyri-qanuni zəbt etdikləri əraziləri “parkovka”ya çevirmə fikrindən daşındıqları bizi sevindirir. Buna baxmayaraq, bu gün qeyri-qanuni xidmət göstərən və pul yığan, “parkovka” adı ilə vətəndaşalara narahatçılıq yaradan təxminən 30 nəfər şəxs artıq aşkarlanaraq saxlanılıb”.
V. Əsədov bildirib ki, əraziləri zəbt edərək vətəndaşlardan pul yığan işbazlar bilməlidir ki, bu qanunu pozduqları üçün mütləq cəzalandırılacaqlar.
“Bu, həmin ərazilərdə sürücülərin hərəkətinə mane olur, eyni zamanda piyadaların yolunun məcburi avtomobillərin hərəkət hissəsinə çıxmasına yol açır. Bu da nəticədə qəzaların yaranmasına gətirib çıxarır. Ona görə də xahiş edirik ki, belə xətalara yol verənlər bu hərəkətlərindən çəkinsin və nizam intizamlı olsunlar. Əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi tədbirlər görüləcək”.
Xatırladaq ki, ötən gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qanunsuz ödənişlərin yığılması hallarına qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcəyinə dair məlumat verib.
Gülnar Səlimova