“Cənubi Qafqaz dərin bir ölkədir və burada Ermənistan və Azərbaycan arasında davam edən proseslər regionun ən prioritet məsələlərindəndir. Hesab edirəm xarici qüvvələrin müdaxiləsi olmadan, Azərbaycanla Ermənistanın birgə sülh içində yaşamalarını təmin etmək üçün külli miqdarda investisiyaya ehtiyac var”.
Bu sözləri ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan “Barışıq Resursları” sülh qrupunun rəhbəri Laurens Broers deyib.
Politoloq bölgədə sülhün bərpası və hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında təşviqat prosesinin vəziyyəti barədə də söz açıb. O, qeyd edib ki, Bakıya gəlmədən öncə İrəvanda da səfərdə olublar.
“Burada Ermənistan barədə deyilənləri orada da eyni formada Azərbaycana qarşı eşitdik. Məsələn, aparılan sorğu zamanı əksəriyyət azərbaycanlıların Qafqaza gəlmə xalq olduğunu deyib. Hər iki dövlət arasında eyni fikirlərin bir-birinə qarşı deyilməsi beynəlxalq aləmdə çaşqınlıq doğurur. Hesab edirəm ki, bunu sübut etməyə çalışmaqdansa, bərabər sülh içində yaşamaq barədə fikirləşmək lazımdır”,- deyə, Broers əlavə edib.
Qonağın fikirlərinə cavab olaraq EDNews-un müxbiri siyasi jurnalist Elnur Ənvəroğlu erməni cəmiyyətini formalaşdırdığı rəyə cavab olaraq bir neçə faktı onun nəzərinə çatdırıb:
“Əgər ermənilər özlərini bu regiona və ən əsası Qarabağa aid hesab edirlərsə, o zaman 30 ildə həmin ərazilərə verdiyi töhfədən danışsınlar. Onlar göz önündədir. İstər təhqir olunaraq donuz axuruna çevrilən məscidləri, istər viran qoyulan Ağdamı və digər rayonları, istərsə də torpaq altında gizlədilən minaları göstərəndə, kimin hansı məkana aid xalq olduğunu asanlıqla bilmək olur”.
Lorens Broers bundan sonra Cənubi Qafqaz və sülhün təşfiqi ilə bağlı görəcəyi işlərdən də qısaca söz açıb.
“Gələcəkdə iki ölkənin həmrəylik və sülh içində yaşaması naminə görüləcək bir çox layihələr var. Hesab edirəm həmin layihələrin həyata keçirilməsinə həm zaman, həm də şərait imkan yaradacaq”.