Hacı Zeynalabdin Tağıyevə ilk abidə harada ucalıb - Məşhur musiqişünas FAKTI AÇIQLADI - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Hacı Zeynalabdin Tağıyevə ilk abidə harada ucalıb - Məşhur musiqişünas FAKTI AÇIQLADI

Cəmiyyət A- A A+
“Hacı Zeynalabdinə ilk abidə hələ sovet dövründə Gəncənin Xirək, indiki Hacıkənddə ucaldılıb. 
 
Niyə məhz Gəncədə?
 
Məlumata görə, Hacı Zeynalabdinin Gəncədən olan dostlarından biri onu Azərbaycanın dilbər guşələrindən birinə - Xirək kəndinə qonaq dəvət edir. Hacı Zeynalabdin Allahın yaratdığı bu gözəllikdən çox məmnun qalır. Dostu da ona burada həyətyanı torpaq bağışlayır. Hacı Zeynalabdin bu hədiyyəni böyük sevinc və məmnuniyyətlə qəbul edir, burada abadlıq işləri ilə (yol, su çəkdirir, məscid inşa etdirir və s.) məşğul olur”.
 
Bu sözləri Ednews-a açıqlamasında musiqişünas alim, professor Abbasqulu Nəcəfzadə deyib. Söhbət zamanı o, Hacı Zeynalabdin haqqında bəlkə də çox az adamın eşitdiyi bir məlumatı da diqqətə çatdırıb.
 
 
“Qədirbilən Gəncə əhli sonradan Xirəki Hacıkənd adlandırmış və burada Hacı Zeynalabdinin şərəfinə abidə ucaldırlar”. 
 
Musiqişünas həmçinin məşhur meyxanaçı Nizami Rəmzinin Hacının vəsfinə yaradıcılığında xüsusi yer verdiyini də qeyd edib. O, bildirib ki, Rəmzi Bakı xeyriyyəçisinin xatirəsinə bir neçə şeir həsr edib.
 
“Nizami Rəmzi də adaşı Nizami Gəncəviyə poetik düşüncələrini çatdırdığı kimi, “Ay Hacı Zeynalabdin Tağıyevdi” meyxanasını yazır və ifa edir. Meyxanada Nizami Rəmzi Hacının gördüyü xeyirxah işlərdən söhbət açır. O, burada Hacı Zeynalabdinin ilk "Qızlar məktəbi"ni açmasını, Bakıya Şollar suyunu çəkdirməsini, ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovu (1870–1925) oxutdurmasını, Azərbaycanın ilk professional qadın müğənnisi, lirik-koloratur soprano səsli SSRİ xalq artisti Şövkət Məmmədovanı (1897–1981) İtaliyanın Milan şəhərinə musiqi təhsili almaq üçün göndərməsini meyxana janrının dili ilə dinləyiciyə çatdırır. Nizami Rəmzi “Gözəldi hər yanı Azərbaycanın” meyxanasında da Hacı Zeynalabdini tərənnüm edib”.
 
Qeyd edək ki, Azərbaycanın ilk opera müğənnisi Şövkət Məmmədova İtaliyada D.Ambrozionun sinfində vokal sənətinin sirlərinə yiyələnib. Hacı Zeynalabdin Tağıyev Şövkət xanımın illik təhsil haqqını ödəyirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...