Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin ərazisində 1982-ci il təvəllüdlü, Gülarə Qəhrəmanova həmin tədris ocağında gözətçi çalışan 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli tərəfindən qətlə yetirilib.
Ednews hadisəni törədən Bəxtiyar haqqında bəzi təfərrüatları əldə edib. Saytımıza açıqlama verən adı açıqlamayan qəsəbə sakini bildirib ki, Bəxtiyar müharibədən sonra lazımi müalicəni almadığı üçün bəzi psixoloji problemləri olub.
“Onların hər ikisi son 3-4 ildir ki, bizim məktəbdə çalışıblar. İddialara görə səhər saatlarında aralarında yaşanan mübahisə qətllə nəticələnib. Bəxtiyar həm də vətənə xidmətə görə medalla da təltif olunub. O, həmçininin bu məktəbin məzunudur”.
Xatırladaq ki, B.Əhmədli məktəbdə gözətçi, G.Qəhrəmanova isə texniki işçi vəzifəsində çalışıb.
Hazırda faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Basqal qəsəbə tam orta məktəbi ölkənin qədim təhsil ocaqlarından biridir.