Daxili İşlər Nazirliyi (DİN) Ağcabədidə iki il əvvəl baş verən qətl barədə məlumat yayıb.
DİN-dən verilən xəbərə görə, 2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ağcabədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qayınanası Fəxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əfsanə Cəfərova bir neçə həftə əvvəl “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Fəxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirib.