"Qadın hüquqlarını müdafiə edən hər kəs feminist deyil" - Psixoloqdan ÇAĞIRIŞ - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

"Qadın hüquqlarını müdafiə edən hər kəs feminist deyil" - Psixoloqdan ÇAĞIRIŞ

Cəmiyyət A- A A+
Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü Bakıda bir qrup feminist qadının nümayiş keçirməsinin şahidi oluruq. Bu cür aksiyalar cəmiyyətdə birmənalı qarşılanmır. Bunun gender bərabərliyi ilə uzlaşmadığını, feminizm anlayışının  insanlara düzgün formada çatdırılmadığını düşünənlər var. Feminizm necə təqdim olunmalıdır ki, insanlar bunun mahiyyətini doğru anlasın?
 
Feminizm necə yaranıb
 
Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu və 18-ci əsrdə ortaya çıxan feminizm hərəkatı getdikcə fəallaşdı. Feminizm cinslərin bərabərliyi nəzəriyyəsidir. İlk dəfə bu termini 1872-ci ildə utopik sosializm nümayəndəsi Şarl Furye işlədib. 
 
Azəbaycan qadını və feminizm
 
Mövzu ilə bağlı Ednews-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əslində qanunvericiliyimiz də feminizmi təbliğ edir, deyilir ki, kişi və qadın bərabərdir. Amma kimsə feminizmin hansısa qoluna xidmət edirsə bu o demək deyil ki, hamı onun kimi olmalıdır.
 
 
“Azərbaycan qadını öz xüsusiyyətlərini özü müəyyənləşdirməlidir. Qadınların çoxu ana xoşbəxtliyi istəyir, biz buna mane olmalı deyilik. İnsanın daxili azadlığı üçün imkan yaradılmalıdır. Əksəriyyət özünü ailə içində xoşbəxt görür, yaxud kimsə karyera üzrə yüksəlmək və ya uşaq böyütmək istəyir. Qadınlar özləri ailə xoşbəxtliyi və ya karyeranı seçməyi müəyyənləşdirir. Təcrübə göstərir ki, ailəsi dəstək verib karyera quranlar daha uğurlu olurlar. Bunu zaman və mühit özü təsdiqlədi. Qadını da, kişini də Allah yaradıb, hər ikisi insandır və nə qadını, nə də kişini idellaşdırmaq lazım deyil. Biz insanlara hörmətlə yanaşa bilsək heç bir problem olmaz”.
 
O bildirib ki, zorla “mənim kimi ol” deyib balansı pozmaq düzgün deyil.
 
"Aqressiv feminizm"
 
“Konkret problemlərin həlli ilə bağlı addımlar atılmalıdır. Qadın niyə zorakılığa məruz qalır, niyə hansısa qurumun bu sahədə istiqamətləndirmə mexanizmi yoxdur, niyə hansısa uşaq ailədə döyülür, həmçinin yanlış yanaşma streotipləri var. Feministlərin dəsti-xətti var, amma aqressiya ilə nəyisə dəyişmək olmur. Diqqəti cəlb etmək üçün şüar bəzən yaxşı vasitədir, amma hədəfi cəmiyyətin tələbinə uyğun olmalıdır. Əgər qəbul olunmursa insanların ehtiyaclarını dəqiqləşdirib ona uyğun şüarla çıxılmalıdır. O şüarların içində yaxşısı da vardı, amma şüar dövrü keçib. Bununla bağlı il ərzində işləmək lazımdır, dövlət siyasətində dəyişikliyə nail olunmalıdır. Sosial şəbəkədə neqativ hallarla bağlı yazılanlar diqqəti cəlb etməyin bir üsuludur. Bəzən müvafiq qurumlar vaxtında reaksiya vermir. Bunun üçün İstanbul Konvensiyasındakı mexanizmləri qanuna salıb işlətmək olar. İstanbul Konvensiyasında zorakılığın əvvəlcədən aradan qaldırılması mexanizmi təklif edilir. Lakin elə mənəvi cinayətlər var ki, heç bir konvensiyaya salınmamasına rəğmən müzakirə predmeti ola bilir. Bu zaman feministlər də, digər qadın hüquq müdafiəçiləri də birlikdə oturmalıdır, amma otururlarmı? Niyə oturmuruq?”  
 
Psixoloq Fərqanə Mehmanqızı isə ümumiyyətlə Azərbaycanda feminizmin olmadığını düşünür. 
 
 
“Qadın hüquqlarını müdafiə edən hər bir kəs feminist deyil. Əxlaqsızlıq feminizm ola bilməz. Qadın azadlığı nə istəyirəm onu da edirəm deyil. Bu, müəyyən hədəf qoyub ona doğru getmək, kişilər tərəfindən fiziki və seksual təzyiqlərə məruz qalmadan irəliləməkdir”.
 
Onun sözlərinə görə, Azərbaycanda qadınlara qarşı rəsmi olmasa da qeyri-rəsmi məhdudiyyətlər var. 
 
Qadın ictimai xadimlər
 
“90-cı ildən bu günə qədər vəzifədə olan qadınların siyahısına nəzər yetirsən görərik ki, onlar yüksək vəzifələrdə az təmsil olunublar. Yaxın keçmişdəkilərə nəzər salaq: Ali Məhkəmənin sədri Südabə Həsənova, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri Elmira Qafarova, Ali Arbitraj Məhkəməsinin sədri Flora Əhmədova, Naxçıvan MR-in Ali Məclisinin sədri Sona Əliyeva, Təhsil naziri Lidiya Rəsulova, Lənkəranın icra başçısı Dilrubə Camalova, 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olan Lalə Şövkət Hacıyeva və s. Hazırda isə Bahar Muradova, Məleykə Abbaszadə, Sahibə Qafarova və s. yüksək vəzifələrdə təmsil olunurlar. Milli Məclisdə 125 deputatdan 22 nəfəri, yəni 30 faizi qadındır. Ancaq Naxçıvan MR-də qadınlar daha çox vəzifələrdə təmsil olunular. 
 
Gender bərabərliyi deyirik, amma nazir qadınımız yoxdur, icra başçılarından yalnız biri qadın idi, o da işdən çıxdı. Müdafiə Nazirliyində qadın şöbə müdiri yoxdur. Digər ölkələrdə bu belə deyil. Təhsil ocaqlarında, səhiyyə müəssisələrində, ictimai həyatda, QHT-lərdə daha çox qadınlarımız vəzifə tuturlar. Bu da kişi hüquqlarını pozur”.
 
Psixoloqun sözlərinə görə, bu gün müharibə olan ölkələrə baxsaq görərik ki, orada rəhbərliklərdə qadınların sayı çox azdır, xoşbəxt ölkələrin idarəçiliyində isə daha çox xanımlar təmsil olunurlar. Dünyada qadın müdafiə naziri demək olar ki, yoxdur, sayı olduqca azdır. 
 
Dünyada feminizm 
 
“İspaniyada 17 nazirdən 11-i xanımdır. Danimarkada da bu yaxınlarda baş nazir istefa verdi ki, bu posta qadın namizəd gəlsin və gender bərabərliyi qorunsun. Fransada bu yaxınlarda  “açar aksiyası” keçirildi. Fransa kimi inkişaf etmiş ölkədə qadınların əllərində açar tutub aksiya keçirməsi göstərdi ki, orda da ailədə və evdə zorakılıq halları var. Bu gün yüksək vəzifələrdə qadınlar azlıq təşkil edirsə, ailədaxili münaqişələrdə qadınların hüquqların qorunmasından necə danışa bilərik?” 
 
Qadın azadlığı
 
O qeyd edib ki, Azərbaycanda 1916-cı il fevralın 14-də aclıqdan təngə gələn çadralı qadınların üsyanı olmuşdu. 
 
“Qadınlarımız mədəni, əxlaqlı formada, övladlarının sağlam yaşaması, qidalanması üçün üsyan etdi. Azərbaycan qadınının üsyanını soyunması kimi qələmə vermək olmaz. 8 Mart isə qadına qarşı olan hörmət, sərbəstlikdir. Azadlıq sözünü çox zaman yanlış anlayırlar. Azadlıq gecə saat 1-də evə gəlmək, ətəyinin, geyiminin açıq-saçıq olması deyil. Azadlıq düşüncədə olmalıdır, sərbəst şəkildə peşə seçməkdə olmalıdır. Azadlıq həm də Milli Məclisdə sayca bərabər olaraq kişilərlə çiyin-çiyinə təmsil oluna bilməkdir, sərbəst şəkildə istədiyi kitabı oxumaqdır”. 
 
Psixoloq vurğulayıb ki, qadının işləyib-işləməməsinin onun azadlığı ilə heç bir əlaqəsi yoxdur. 
 
“Qadın evdə idarəçidir, ətrafda isə ictimai işlərlə, xeyriyyəçiliklə məşğul ola bilər. Onun maddi gəliri həyat yoldaşı tərəfindən ödənilməlidir. Türk qadını da həmişə işləyib, ancaq pul qazanmaq üçün yox. İctimai, yardım məqsədli işlərdə çalışıblar və ehtiyacı olan insanlara dəstək olublar. Ancaq işləməyən qadını bəzən hüquqları tapdanan, azadlığı əlindən alınan qadın kimi görürlər. Lakin bu, elə deyil”.
 
Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...