Kirayə ev bazarında qıtlıq, OD TUTAN QİYMƏTLƏR, QANUNSUZLUQ və İŞBAZLAR - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Kirayə ev bazarında qıtlıq, OD TUTAN QİYMƏTLƏR, QANUNSUZLUQ və İŞBAZLAR

Cəmiyyət A- A A+
Azərbaycanda subay və əsasən boşanan insanlar ev kirayələmək istəyərkən böyük çətinliklərlə üzləşirlər. Belə ki, bir çox hallarda ev sahibləri mənzillərini ailəli insanlara vermək istəyirlər. Bunu əmlak saytlarında yerləşdirilən elanlarda da görə bilərik. Hətta bəzən cəmi bir nəfərin yaşaması üçün uyğun olan mənzillərdə də ailə tələbi qoyulmasının şahidi olmaq olur. 
 
Belə hallarda ortaya bir sual çıxır. Bəs, tək insanlar kirayə evi necə əldə etsin. Ümumiyyətlə belə bir vəziyyətin yaranması hansı səbəblərdən baş verir?  
 
Ednews kirayə evlərlə bağlı narahatlıq doğuran məqamlara əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevlə aydınlıq gətirməyə çalışıb.
 
 
Ekspert ilk olaraq Bakı şəhərində kirayə evlərin “əl yandıran” qiymətlərindən danışıb. 
 
“Bakı şəhərində ən ucuz bina evlərində birotaqlı kirayə mənzil 200 manatdan başlayaraq 300, 350, 400 manata qədər dəyişir. Bu köhnə binalara aiddir. İki-üç otaqlı mənzillərdə hər otaq sayı artdıqca təxminən 100 manat artım müşahidə olunur. 
 
Yeni tikilən binalarda vəziyyət tam fərqlidir. Mərkəzə doğru birotaqlı mənzillərin qiyməti təxminən 450-550 manat arası, ikiotaqlılar 600-800 manat arası və beləcə üzü yuxarı dəyişir. Paytaxt ərazisində yeni tikilən binalarda kirayə qiymətləri təxminən 2000-2500 manata qədər dəyişə bilir. Mərkəzə yaxın ərazilərdə əvvəlki illərdə fərdi həyət evləri çox olduğu zaman ucuz həyət evləri tapmaq mümkün idi ki, onların da çox hissəsi köçürülərək yerində hündürmərtəbəli binalar və ya parklar salınıb”. 
 
Elnur Fərzəliyev bildirib ki, kirayələrə tələbatın artmasının əsas səbəblərindən biri paytaxt Bakıda həddən çox sayda ali təhsil müəssisələrinin olmasıdır.
 
“Burada təhsil alan tələbələrin böyük əksəriyyəti bölgələrdən gəlirlər. Təəssüflər olsun ki, bu qədər ali təhsil müəssisələrinin olmasına baxmayaraq tələbə yataqxanalarının sayı çox məhduddur. Bəzi ali təhsil müəssisələrinin yataqxanalarında otaq sayı hətta öz universitetlərinin tələbələrinə belə yetmir. Məcburən hər il minlərlə tələbə ali təhsil almaq üçün paytaxt Bakıya gəlir və məcburən bina evləri və ya həyət evləri kirayələyirlər. Bu da təbii ki, kirayə mənzil bazarında qıtlığa gətirib çıxarır”. 
 
Ekspert qeyd edib ki, digər tərəfdən 2016-cı ildən başlayaraq paytaxt ərazisində pilot layihələr üzrə istismar müddəti bitən köhnə binaları söküb yerində yeni binalar tikirlər. 
 
“Bir bina sökülən zaman proses ən azı 2 il çəkir. Həmin mənzillər sökülən zaman o binalardakı kirayəlik mənzillər də artıq kirayə bazarından çıxmış olur və o binada yaşayan sakinlərin özü belə ən azı həmin müddətdə hər hansı mənzildə kirayə qalmağa məcbur olurlar. Həmin köhnə bina sökülür hansı ki, birotaqlı - 300 manat, ikiotaqlı – 400, üçotaqlı mənzil - 500 manat idisə onun yerinə yeni bina tikiləndə orta qiymətlər avtomatik iki dəfəyə yaxın artmış olur və ucuz kirayəlik mənzillər asta-asta şəhərdən çıxmış olur. Bu baxımdan müəyyən zamandan sonra, hətta köhnə binalar sökülüb çıxdıqdan sonra paytaxtda həyət evləri və köhnə binalarda ucuz kirayə mənzillər tapmaq çox çətin olacaq”. 
 
Elnur Fərzəliyevin sözlərinə görə, digər tərəfdən kirayə mənzil götürən vətəndaşlar bir çox problemlərlə üzləşirlər. Xüsusən tələbə oğlanlar və yaxud tək adamlara kirayə vermirlər.
 
“Bütün kirayə müqavilələri normalda notarial qaydada bağlanmalıdır və bu zaman kirayə verənlə götürənin bütün öhdəlikləri və məsuliyyətləri qeyd olunur və onu imzalayırlar. Kirayə mənzilin müqaviləsi notarial qaydada bağlandıqda artıq həmin şəxs aldığı puldan vergi ödəməlidir. O, aylıq aldığı pulun 14 faizini büdcəyə ödəməlidir. Bu çox olduğu üçün vətəndaşların böyük əksəriyyəti müqavilələri notarial qaydada bağlamırlar. Təbii ki, əgər bu müqavilələr rəsmi bağlanılarsa tək oğlan, tək xanıma kirayə verməkdə bir problem olmaz, çünki müqavilələr rəsmi olmayanda kirayə götürən tərəflər arasında ciddi problemlər yaranır. Bunu aradan qaldırmaq üçün kirayə mənzil vergisində yenilənmələr olmalı, vergilərin qiyməti aşağı salınmalı, hər kəs müqaviləni rəsmi bağlamalıdır ki, vergiyə cəlb olunsun. 
 
Bu gün təbii ki, 500 manata kirayə verilən mənzil rəsmi müqavilə bağlanarsa avtomatik mənzilin sahibi 500 manat yox, 14 faiz vergini onun üzərinə gələndən sonra 570 manata yaxın pul verməlidir. Buna görə insanlar rəsmi müqavilədən qaçırlar”. 
 
 
Ekspert əlavə edib ki, bu gün inkişaf etmiş Avropa ölkələrində bələdiyyələr tərəfindən tikilmiş sosial mənzillər var.
 
“Sosial evlər hər hansı vətəndaşın yaşadığı ərazidə evi yoxdursa, işini itiribsə kirayə pulunu ödəməkdə çətinlik çəkirsə bələdiyyəyə müraciət edir, sənədləri yoxlanır, həqiqətən gəliri azdırsa həmin sosial evlərlə təmin edilir. Bir mənzilin qiyməti əgər 600 avro hesblanırsa Avropada sosial evlərdə bu təqribən 100-150 manat hesablanır. Vətəndaş iş tapıb maddi vəziyyətini yaxşılaşdırana qədər həmin sosial evlərdə yaşayır.
 
Təəssüf ki, bizdə bu tip layihələr hələ mövcud deyil, amma zamanla kirayə qalan insan ev problemini aradan qaldırmaq üçün bu cür layihələr işlənib hazırlanmalıdır. Təbii ki, hamı ev sahibi ol istəyir, amma bir çox insanlar tələbələr və ya bölgələrdən müvəqqəti iş dalınca gələrək ev almaqda maraqlı olmayanlar müəyyən vaxt kirayədə qalırlar. Onlar üçün ev almaqdansa normal şəraitə və ucuz qiymətə kirayədə yaşamaq daha əlverişlidir”. 
 
 
Sonda ekspert qeyd edib ki, mənzilləri reklam edərkən bəzən başqa mənzilin şəkillərini qoyurlar. 
 
“Sadəcə müştəri cəlb etmək üçün yaxud elan verilən mənzili kirayə götürənə başqa mənzil təklif edilir. İstənilən halda mənzil götürən şəxs mütləq şəkildə həmin yerə gedib özü vizual olaraq baxış keçirməlidir. Müqavilə bağlamadan öncə heç kimə pul ödəməməlidir. Dəfələrlə şahidi olmuşuq ki, vətəndaş zəng vurur kirayə ev üçün, ev sahibi adından danışan, yaxud alqı-satqı ofisində işləyən şəxs adından danışan şəxslərə pul göndərib əvvəlcədən həmin evi bron edib pul göndərir. Məlum olur ki, həmin ev yox imiş və ya həmin şəxsin o evlə heç bir əlaqəsi yox imiş. O baxımdan ancaq qanuna əsaslanıb müqavilələr bağlanmalı və beh də qanuni şəkildə verilməlidir ki, sonra hər iki tərəf də problem yaşamasın”.
 
 
Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...