Son dövrlərdə LGBT xüsusilə Avropa ölkələrində homoseksual insanlar və onların dəstəkçiləri tərəfindən keçirilən “qürur” yürüşləri, NETFLİX və bənzər platformalarda yayımlanan filmlərdə homoseksuallığın təbliğ edilməsi və üzərində çəhrayı, sarı, qırmızı və s. rənglər olan oyuncaqların satışa çıxarılması nəticəsində son illərin ən aktual mövzularından birinə çevrilib.
Homoseksuallıq Azərbaycan da daxil olmaqla bir çox cəmiyyətlərin “tabu” mövzusu olmasıyla yanaşı, qeyri-qanuni hesab edilir və İran, Mavritaniya, Sudan kimi ölkələrdə “ölüm hökmü” ilə cəzalandırılır.
Azərbaycanda LGBT üzvlərinin intihar etməsi və ya öldürülməsi bu məsələni son zamanların ən çox müzakirə edilən mövzusuna çevirib. İspaniya Vətəndaş müharibəsi (1936-39) zamanı siyasi leksikona daxil olan və hazırda ölkədə təbliğat aparmağa çalışan "Beşinci kolon” və onların əlaltıları daxili ixtişaş yaratmaq məqsədilə istifadə olunurlar. “Beşinci kolon”un məqsədi LGBT hüquqları adı ilə Azərbaycanın köklü mental dəyərlərini məhv etmək və öz cəmiyyətlərinə xas yaşayış tərzlərini və cərəyanları yaymaqdır.
Bəs, LGBT-nin ölkədaxilində yayılması nəyə xidmət edir?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ednews-a açıqlamasında bildirib ki, dünyadakı müəyyən bir qurum bu cərəyanı qəsdən ölkədə yaymağa çalışır.
“Dünyada müəyyən bir qurum var ki, onlar bu cür cərəyanları yaymaq üçün təbliğat həyata keçirirlər. LGBT-nin təbliğ edilməsini satışa çıxarılan geyim, oyuncaqlarda və çəkilən filmlərdə görmək olar və bəzi adamlar bilmədən onlardan istifadə edir”.
Partiya başqanı ölkədə LGBT-nin sürətlə yayılmasında əsas olaraq 2 marağın durduğunu söyləyir.
“Məhsulu istehsal edən tərəf öz ideyalarını dünyaya yaymağa, cəmiyyətləri öz maraqlarına uyğun formalaşdırmağa çalışır. Bu zaman Azərbaycan cəmiyyəti üçün zərərli olan şeyləri ölkədə satmağa çalışanların məqsədi isə daha çox pul qazanmaqdır. İki maraq da üst-üstə düşdüyünə görə uğurla öz işlərini görə bilirlər”.
Sosioloq Əhməd Qəşəmoğlu LGBT üzvlərinin sayının artmasında sosial şəbəkəni səbəb olaraq göstərib və həll edilmə yollarından bəhs edib.
“Sosial şəbəkədə intim münasibətlərlə bağlı təbliğatın aparılması LGBT üzvlərinin sayının artmasına səbəb olur. Bunun qarşısını almaq məqsədilə ciddi elmi araşdırmalar aparılmalı, mühit və informasiyanın təsirləri öyrənilməlidir. Psixoloqlar uşaqlar və yeniyetmələrlə işləyərək onları sosial şəbəkələrdə edilən təbliğatdan uzaqlaşdırmaga calismalıdırlar. Əlavə olaraq fəaliyyət qurumlarının yaradılmasına ehtiyac olsa da, bu sahədə arzuolunan işlər görülmür”.
Xatırladaq ki, 2021-ci ildə 27 ölkədə aparılan sorğuya əsasən nəsil Z-nin (1997-dən sonra dünyaya gələnlər) 4%-i və Y nəslinin (1981-1997) isə 2%-i LGBT üzvləridir ki, bu ölkələr içərisində Almaniya və İsveç daha öndədir. 16 ölkədə bütün əhali, digər 7 ölkədə isə çoxluq eyni cinslərin evliliyini dəstəkləyir.
Aysel Bədəlova