"Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olsa da, bu baxımdan ən az beynəlxalq dəstək alan ölkələrdəndir".
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.
O, Ermənistanın bir vaxtlar işğal altında saxladığı ərazilərdə 1 milyondan çox mina basdırıldığını vurğulayıb.
“Azərbaycan bu ərazilərin bərpası üzrə işlər aparır, yüz minlərlə insan doğma yurd-yuvasına qayıdacağı vaxtı gözləyir, lakin məcburi köçkünlərin sakit və təhlükəsiz qayıdışını təmin etmək üçün əvvəlcə bu əraziləri bərpa etmək lazımdır. Hazirda ölkə ərazisində iri həcmli bərpa və quruculuq işləri görülür. Humanitar minatəmizləmə bu quruculuğun önəmli bir hissəsidir”.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi həmçinin dünən Ağdama baş tutan səfər çərçivəsində konfrans iştirakçılarının erməni işğalının fəsadları ilə əyani şəkildə tanış olduqlarını da bildirib.