Bu gündən etibarən Azərbaycanda maska rejimi ləğv edilir.
Bu, cəmiyyətdə sevinclə qarşılanıb. Son iki il yarım ərzində qaydalara əsasən qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburi xarakter daşıyırdı. Sərt karantin rejimi tətbiq olunan zamanlarda açıq havada da maskasız gəzmək qadağan edilirdi.
Lakin...
Pandemiyanın xəstəliklə bərabər gətirdiyi qorxu hissi ilə bəzi insanlar indi də açıq havada tibbi maskadan istifadə edir. Bu səbəbdən karantin qaydaları tədricən ləğv olunduğu zamanlarda psixoloji çətinliklər də yarana bilər.
Bəs insanlar psixoloji cəhətdən post-pandemiya dövrünə hazırdırmı?
Mövzu ilə bağlı Psixoloq Fərqanə Mehmanqızı Ednews-a açıqlamasında əslində adaptasiyanın çox rahat olacağını deyir.
“Hamı səbirsizliklə bu dövrü gözləyirdi. Bu, sonra karantinin vurduğu maddi və mənəvi zərərləri daha tez aradan qaldırmağa yardımçı olacaq. Maska sanki bizi zəncirləyirdi və xəstəliyi unutmağa imkan vermirdi.
Ancaq insan alışqanlığa meyllidir. Mənim qızım maskaya alışıb, buna görə bir ildir ki, çöldə də maska taxır. Deyirəm artıq bu qadağa yoxdur, yenə taxır. Düşünürəm ki, bu şüuraltı qorxudan əmələ gəlir. Xəstəlik haqqında o qədər danışmışıq və müzakirə etmişik ki, təlqinə meylli insanlarda bu artıq qorxu halına çevrilib. Bunu gizlətməyə və sosial cəmiyyətdə birdirməməyə çalışsalar da, bədən dili və ya maskadan asılılıq bunu açıq şəkildə göstərə bilir. İndi mən qızımda bu “maska taxmasan xəstələnərsən” psixoloji durumunu aradan qaldırmağa çalışıram”.
Psixoloq maska asılılığı olan insanlara qoxu təmasını daha aktiv hala gətirməyi tövsiyyə edib.
“Belə insanlar maskasızlıq vərdişinə keçmək üçün geniş nəfəs almalı, qoxu təmasına çox önəm verməlidirlər. Maskadan rahat şəkildə imtina etmək üçün səhərlər durarkən təmiz havanı, ağacların qoxusunu, çiçəkləri qoxlamaq vacibdir.
Həmçinin məntiqlə düşünsək, maska qoruyurdusa niyə məsafə saxlayırdıq və maska taxırdıqsa niyə deyirdilər məsafə saxlayın. Beləliklə çalışmaq lazımdır ki, bu asılılığı aradan götürək”.
Psixoloq əlavə edib ki, pandemiya ilə bağlı bu gün iki əsas fobiya qalıb.
“Xəstəliyi keçirən insanlar bu gün qorxusundan ictimai yerlərdə asqırmırlar, öskürmürlər, eləcə də qripə yoluxan adamlar özlərinə daha çox qorxu ilə yanaşır. Bu zamanla və mütaliələrin köməyilə aradan qaldırılacaq”.
Gülnar Səlimova