Aclıqdan “ Şuşa Beynəlxalq Kulinariya Festivalı"na – Şuşa 1 ildə necə dəyişdi? - İsrailli jurnalist Raşel Avramın gözü ilə - FOTOLAR - ednews.net

19 May, Cümə axşamı

(+994 50) 229-39-11

Aclıqdan “ Şuşa Beynəlxalq Kulinariya Festivalı"na – Şuşa 1 ildə necə dəyişdi? - İsrailli jurnalist Raşel Avramın gözü ilə - FOTOLAR

Cəmiyyət A- A A+

“Xatırlayıram ki, düz bir il əvvəl Vətən müharibəsindən sonra biz Şuşaya səfər etdik. İsrailin Diaspora Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan səfərimiz yol boyu Azərbaycan əsgərlərinin müşayiəti ilə davam edirdi. İlk dəfə Qarabağ torpaqlarına ayaq basırdım və yol boyu partlayan mərmilərin açdığı çuxurlar, yanmış avtomobillərin qalıqları insana əsl müharibə təəssüratını bağışlayırdı. Yolumuz Şuşaya idi...”

Bu fikirləri Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edən israilli jurnalist Raşel Avraham bildirib. O, Azərbaycanın incisi olan Şuşa şəhərinə səyahəti zamanı yaşadığı təəssüratlar barədə Ednews-a danışıb.  

Raşel İsrail vətəndaşıdır və “Kanadanın Yahudi Xəbərləri” agentliyində müxbir kimi fəaliyyət göstərir. O qeyd edir ki, II Qarabağ müharibəsi zamanı Azərbaycanın apardığı haqq savaşındakı bütün prosesləri böyük həyəcanla izləyib. Məhz elə böyük qələbədən sonra Qarabağı görmək arzusu onu Azərbaycana gətirib. 

“Hərbi müşayiət avtomobilləri bizi Füzuli istiqamətindən Şuşaya aparırdı. Yolun asfalt qatı tamamilə dağılmış, xeyli çala-çuxurlu idi. Mina təhlükəsi ilə bağlı yollarda ciddi yoxlama işləri aparılırdı. Ən darıxdırıcı məqam bu idi ki, o geniş ərazilərdə ətrafa baxarkən dayanıb söhbət etməyə bir insan belə tapmaq mümkün deyildi.  

Nəhayət Şüşaya çatanda orada təkcə bir məscid, dağıdılmış binalar və qaranlığa qərq olan şəhər bizi susqun şəkildə qarşıladı. Axşam olanda şəhər daha vahiməli görünürdü. Elektrik xəttləri sıradan çıxdığından gecəni şam işığında əsgərlərlə birgə keçirdik. Hətta fərqinə varmadan boylanaraq ətrafda bir market axtarmaq niyyətində oldum, lakin sonradan harada olduğumu bir daha xatırladım. Çox açmışdım və üzə salıb əsgərlərin yeməyini bölüşdüm. İlk gəlişimdə Şuşa mənə aclıq təəssüratını verdi. 

Jurnalist Raşel Avraham bildirib ki, uzun müddət Şuşa ilə bağlı fikri aclıq hissi ilə yadda qalıb. O, Şuşaya ikinci səfərində bu hissləri tamamilə yox etmək fikrinin olduğunu da vurğulayıb. 

“Əslində sevinirdim, çünki Qarabağ və onun ürəyi sayılan Şuşa 30 illik bir əsarətdən qurtarmışdı. Amma Şuşadakı o yoxluq hiss mənə acı təəssürat bağışlayırdı. Bu səbəbdən də bu dəfə Şuşaya “ Beynəlxalq Kulinariya Festivalı ” ərəfəsində gəlməyi qərara aldım”. 

Raşel Avraham tam bir il sonra eyni yolla gəldiyi Şuşa səfərini bizim üçün yenilədi. 

“Bu dəfə Şuşaya gedərkən gözlərimə inana bilmədim. Sanki “Alisiyanın nağılları”ndakı kimi sehrli bir dünyaya daxil olurdum. Bura tamamən bir başqa idi...

Rahat asfalt yolları bizi düz Şuşaya aparırdı. Artıq yol kənarlarında yanmış avtomobil, mərmilərin açdığı çuxurlardan əsər əlamət qalmamışdı. Şuşaya girəndə insana həyat bəxş edən bir festivalla qarşı-qarşıya gəldik. Bu mənim yaddaşımda qalan aclıq hisslərimi bir anda silib apardı. Şəhər şənlik içində idi. Gecələdiyimiz 5 ulduzlu mehmanxanaya isə söz ola bilməzdi”. 

Raşel Avraham qeyd edir ki, sanki nə Qarabağ, nə də Şuşa müharibənin şahidi olub. Bir zamanlar barıt qoxuyan o səfalı yerlər, indi adamı bihuş edən ədvaların və ləzzətli təamların iştah yaradan ətri ilə havanı süsləyib.

Xatırladaq ki, 5-8 may tarixlərində Azərbaycan ilk dəfə olaraq Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Turizm Agentliyinin birgə dəstəyi ilə Şuşada dünya mətbəxinin ləziz təamlarını sərgiləyəcək bir festival təşkil olunub. Onlarca xarici və yerli aşpazların iştirakı ilə keçirilən tədbirdə 11-dən çox Azərbaycan və 12 xarici mətbəx təmsil olunub.

Elnur Ənvəroğlu 

 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...