Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir.
Ednews xəbər verir ki, iki gün davam edəcək konfransın plenar sessiyalarında regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr nəzərdə tutulub.
Konfransda Mədəniyyət naziri Anar Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.
Konfransda, həmçinin ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iştirak edirlər.