“Bolt”un sürücülərinin tələbi nədir? - Etiraza sürükləyən SƏBƏBLƏR - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

“Bolt”un sürücülərinin tələbi nədir? - Etiraza sürükləyən SƏBƏBLƏR

Cəmiyyət A- A A+
"Bolt" şirkəti ilə əməkdaşlıq edən taksi sürücüləri Bakıda etiraz aksiyası keçirir. Onlar bu aksiyanın davamı olaraq 27 may tarixində daha mütəşəkkil aksiya təşkil etməyi planlaşdırırlar. Aksiya zamanı sürücülər sifraş proqramını bağlayaraq “Bolt” şirkətini boykot edəcəklər. Qeyd edilib ki, 2 saat davam edəcək aksiyanın müddəti növbəti günlərdə artırılacaq. Etirazlar “Bolt” şirkətinin sürücülərin tələblərini yerinə yetirənədək davam edəcək.
 
Ednews "Bolt"  taksi xidmətini boykot edən sürücülərin tələblərini öyrənmək üçün şirkətdə çalışan sürücü Nicat Məmmədovla söhbətləşərək, onların quruma qarşı olan tələblərini öyrənməyə çalışıb. Sürücü ilk olaraq bildirib ki, başlıca problemlərdən biri komissiya haqlarının yüksək olmasıdır. 
 
“Biz komissiya haqlarının 20%-dən 10%-ə endirilməsini, minimal qiymətin isə  2 manat 40 qəpikdən başlamasını tələb edirik. Çünki “Bolt" açılandan minimal qiymət 1.60 manat hesablanırdı, ondan sonra benzinin və s. məhsullarda olan artımlar nəzərə alınmır. Bundan başqa gedilən ünvan, qiymət, ödəniş üsulu sürücüyə əvvəlcədən göstərilməyini tələb edirik. Sifariş gələndə ancaq müştərinin adı və reytinq görünür, proqram gedişatı müştərini ünvana çatdırandan sonra göstərir. 
 
N. Məmmədov həmçinin qeyd edib ki, onlar fərdi sahibkar kimi xidməi müqavilə əsasında fəaliyyət göstərirlər.
 
“Ən böyük problemlərdən biri kartla olan sifarişləri nağdlaşdırmaqla bağlıdır. Biz istərdik ki, karta köçürülən məbləğ 1-2 gün ərzində avtomatik sürücünün hesabına köçsün və ya gündəlik benzin talonu verilsin. "Bolt"da isə çox şərtlər var və süni maneələr yaradılır”.  
 
N. Məmmədov onu da qeyd edib ki, müştərinin gedəcəyi ünvan əvvəlcədən sürücüyə göstərilmir, sifarişi öndəcən görmək mümkün olmur. Narazı sürücü gördükdə isə müştəri düşünür ki, biz bunu bilə-bilə qəbul edib, sonra narazılıq edirik, əslində isə sürücü gedəcəyi yeri görsə, bunu qəbul etməz. 
 
“Məsələn Bakı daxilində deyək ki, Hövsana, Müşfiqabada gündüz getmək problem deyil, geri qayıtmağa müştəri olur, amma gecə vaxtı 90 faiz hallarda sürücü oradan boş qayıdır. Gözləmə vaxtına görə də hər dəqiqə hazırda 2 qəpik hesablanır. Bunun ən azı 10 qəpik olmasını istəyirik. Müştəri sürücünü 15 dəqiqə gözlədəndən sonra bu 30 qəpik edir. Sürücü həmin vaxta bir dənə də 2 manatlıq sifariş apara bilər. Eləcə də müştəri sifariş verdiyi ünvandan əlavə ərazilərə sürdürdükdə, onun ödənişi proqramda avtomatik hesablanmır deyə bizdə problem yaşayırıq. Bəzən isə müştəri ünvanı səhv yazır və sonda isə ödənişi qeyd olunan əraziyə görə edir”. 
 
N. Məmmədov "Bolt" taksi xidmətinin sürücülərinin səbəbsiz yerə bloklanmasından da şikayət edib.
 
“Problem varsa ədalətli şəkildə araşdırılsın. Müştəri nə deyirsə onun üzərindən hərəkət edirlər və dəstək bölməsinə şablon mesaj göndərilir.
 
Eləcə də sürücülərə verilən sifarişlər yerüstü hesablanmasın. Proqramda seçim var, sürücü üçün sifarişi 1km-dən uzaq verməsin. Məsələn, Heydər Əliyev prospektində əks istiqamətə çıxmaqdan ötrü döngəyə doğru bir neçə kilometr də irəliləməli olursan, bu səbəbə görə sifarişi qəbul etməyəndə sürücünün reytinqini aşağı salınır və ya sürücü sifarişi ləğv edir. Bəzən məsafəyə görə məbləğlər düzgün hesablanmır və yol olmayan yerlərdən məsafə hesablanır. Bu əsasən mərkəzdən kənar yerlərdə olur. Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi də "Bolt" tərəfindən tam olaraq kompensasiya olunmur, ancaq yarısı ödənilir. Bundan başqa tələb edirik ki, şirkət ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödəsin. Sürücü müştəriyə qədər boşuna yol sürmüş olur”. 
 
"Bolt" sürücüsü onu da əlavə edib ki, Bakıda taksi fəaliyyəti göstərmək üçün hər bir sürününün fərqlənmə nişanı olmalıdır.
 
“"Bolt" bu fərqlənmə nişanını heç bir sürücüdən tələb eləmir. Ona görə də hər bir taksi olmayan şəxs xəttə qoşula bilir. Belə olan halda da xətdə maşın çox olduğu üçün qiymətlər aşağı düşür. Bu ikinci iş kimi işləyənlərə sərf edir, amma sırf taksi sürücüləri üçün sərfəli olmur. Əslində, bu ümumi problemdir, heç bir taksi şirkəti bunu tələb etmir, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti göstərən sürücü qanunla 40 manat cərimə olunur. Belə olan halda da, təsadüfi insanlar sürücü kimi fəaliyyət göstərir və xoşagəlməz hadisələr yaşanır. 
 
Əlavə olaraq onu da qeyd edim ki, taksi qruplarında "Bolt"un problemlərini yazan sürücülərin hesablarını "Bolt" tapıb birdəfəlik blok edir, özlərinə yazıb səbəbini soruşanda da heç bir cavab vermirlər”.
 
Məsələ ilə bağlı “BOLT” şirkətinin ölkə üzrə meneceri Naim Əzizovla əlaqə saxladıq. N.Əzizov telefonda suallarımıza cavab verməyərək bizdən rəsmi sorğu tələb edib. Lakin sorğumuzu ünvanlasaq da hələ ki, məktubumuz cavabsız qalıb.
 
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən həm yerli, həm də beynəlxalq taksi operator şirətləri, o cümlədən fərdi qaydada vergisini ödəyərək taksi xidməti ilə məşğul olan bütün şəxslər bilməlidir ki, taksi xidməti ilə bağlı Nazirlər Kabinetinin 2019-cu il mart ayının 4-də xüsusi tələbləri mövcuddur.
 
Onun sözlərinə görə, bu tələblərdə, həmçinin taksi xidmətlərinin tövsiyyə olunan qiymətləri də qeyd olunub. 
 
“Bu qiymətlər 1 km üçün 70 qəpikdən başlayır, kilometraj artdıqca 50 qəpiyə enir. Düşünürəm ki, 1 km-ə 70 qəpik heç də ucuz qiymət deyil. Onu da qeyd edim ki, taksi xidmətində fiks qiymət mümkün deyil, pik saatlar, qış və yay mövsümünü nəzərə almaqla tənzimlənir. Lakin taksi operator şirkətləri sürücülərdən olduqca yüksək komissiya haqqı alırlar. Bilmək olmur onlar bu faizləri hardan əldə ediblər, bəlkə komissiya haqqı elə 3% olmalıdır. Sürücülərin sosial rifahını nəzərə alıb çalışmalıdırlar ki, bu, 10 faizi ötməsin”.
 
Ekspert həmçinin qeyd edib ki, Nazirlər Kabinetinin tövsiyyəsilə taksi xidmətindəki tələblə bağlı taksi sifarişi 1 manat 50 qəpikdən nəzərdə tutulur. 
 
“Əgər komissiya haqları azaldılarsa taksi qiymətlərinin yüksəlməsinə ehtiyac qalmır. Bu səbəbdən taksi şirkətlərinin faizləri endirməsini tələb etməliyik. Pandemiya dövründə, eyni zamanda ictimai nəqliyyatın bərbad olduğu dövrdə taksi qiymətlərinin yüksəlməsi o qədər də real deyil. Bu gün taksi fəaliyyətilə məşğul olan hər bir kəs istifadə olunan bütün minik avtomobillərinin üzərində sarı şahmatlı işıqlı fənər quraşdırmalıdır. Sahibkarlıqla məşğul olan hər bir şəxs bilməlidir ki, dövlət vətəndaşın həm istehlakçı, həm də işçi kimi hüquqlarını qoruyur. Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın və komissiya haqlarını 10 faizə endirsinlər”.
 
Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...