Son zamanlar uşaq bağçaları ilə bağlı şikayətlərin sayı durmadan artır. Sonuncu hal Şabran şəhər 1 saylı uşaq bağçasında uşaqlar üçün nəzərdə tutulan ərzağın oğurlanması barədə sosial mediada yayılan məlumatdır.
Adı keçən bağçada uşaqlara ayrılan yeməklərin kəsilməsinə görə bağçanın direktoru Lalə Qədəşova təqsirləndirilir. Həmçinin iddia olunur ki, bağçanın direktoru Təhsil Şöbəsindən dəstək alır. Bildirilir ki, müəllimələr onu bağçadakı yeyinti halları və rüşvət almasına görə prokurorluğa şikayət ediblər. Bağçanın direktoru Lalə Qədəşova isə deyilənləri təkzib edib və bildirib ki, bu sadəcə şantajdır.
İddia ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Ednews-a açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır. Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mövzu ilə əlaqədar Təhsil eksperti Kamran Əsədov Ednews-a bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən 1693 uşaq bağçasında 123 min uşaq təlim-tərbiyə prosesinə cəlb edilib.
“Uşaq bağçaları və körpələr evi 2011-ci ildən Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə veriləndə fikirləşirdik ki, bu istiqamətdə ciddi inkişafa nail olacağıq. Amma bu illər ərzində gördük ki, onlarda bir neçə istiqamətdə ciddi neqativ hallar baş verir. Uşaq bağçalarına qəbulda əsassız pul tələbləri var idi. Valideynlərə deyirdilər ki, yer yoxdur.
İkinci problem uşaq bağçalarında və körpələr evinə işə qəbulla bağlı idi. Biz 10 il ərzində hər hansı bir müsahibə və ya müsabiqə görmədik. Digər tərəfdən, uşaq bağçalarına dövlət tərəfindən verilən qidanın vaxtında çatdırılması məsələsidir ki, bu istiqamətdə çox ciddi problemlər var idi və çox ciddi yeyintilər mövcud idi. Dövlət tərəfindən hər bir uşaq bağçasına bir günlük qida menyusu müəyyənləşir və o tam olaraq uşaqlara çatmır. Dövlət başçısı qanunda yenidən dəyişiklik etdi və uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarından alınaraq 6 ay öncə yenidən Təhsil Nazirliyinə qaytarıldı”.
Ekspert qeyd edib ki, bu sahədə yenə ciddi bir dəyişiklik yoxdur və həmin mənfi hallar var.
“Uşaqların bağçaya qəbulu ilə bağlı şəffaflıq pozulur. Eyni zamanda qidalanma ilə bağlı problemlərin olduğunu görürük. Əslində uşaqların gündəlik qidalanmasına müvafiq yerli təhsil idarəsi nəzarət etməlidir.
Uşaq bağçaları və körpələr evi üçün nəzərdə tutulan qida tam olaraq uşaqlara çatdırılmır, çünki yerlərdə bağça müdirləri və digər səlahiyyətli şəxslər uşaqların qidalarını oğurlayırlar. Mütəmadi monitorinq aparılarsa, düşünürəm ki, problemin aradan qaldırılması mümkündür”.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qidanın verilməsi ilə bağlı görüntülər yayılıb.
Gülnar Səlimova