Rusiyanın Udmurtiya bölgəsinin İjevsk şəhərində “Kosmonavtlar Parkı” ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinə həsr olunan bayram tədbiri keçirilib.
Ednews xəbər verir ki, tədbirdə Udmurt Respublikasının Milli Siyasət Nazirliyi, Udmurt Respublikasının "Xalqlar Dostluğu Evi", İjevsk şəhər administrasiyasının mədəniyyət şöbəsi, “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”
Regional İctimai Təşkilatı və "Rus Evi" Rus Mədəniyyəti Mərkəzinin Bələdiyyə Muxtar Müəssisəsi tərəfindən təşkil edilib.
Bayram tədbirində Azərbaycan və Rusiya dövlətlərinin yüksək vəzifəli şəxsləri iştirak edərək Respublika günü münasibətilə təbriklərini səsləndiriblər.
Tədbir çərçivəsində Udmurt Respublikası milli-mədəni birlikləri arasında dama və uzun nərd üzrə turnir də təşkil olunub.
Bayram festivalının ardından fəxri qonaqların iştirakı ilə "Azərbaycan bağı"nda ağacəkmə mərasimi keçirilib.
Daha sonra isə Azərbaycanın Respublika Gününə həsr olunmuş təntənəli tədbirin açılışı baş tutub.
Bayram festivalının irəliləyən saatlarında “Rusiya xalqlarının mədəni irsi ili” çərçivəsində SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan "Sən mənim melodiyamsan" açıq festival-müsabiqəsi də start götürüb.
Müsabiqənin yekununda qaliblər mükafatlandırılıb.