Azərbaycanda məktəb direktorunun müavini bayrağı ayaq altına ataraq şəkil çəkdirməsi böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrdə yayılan bu görüntülər insanların qəzəbinə tuş gəlib.
Görüntülərdə yer alan Bakı şəhəri Binəqədi rayonu 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanova haqqında yayılan bu görüntüləri özünə qarşı qəzəzli adlandırıb. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.
“O şəkil 2019-cu il 8 may coğrafiya tədbirində çəkilib. Fotoşəkilə baxanda görünür ki, uşaqlar hərəkət edir, səhnənin hündür hissəsində də bayraqlar asılıb. Mən o bayrağı ayağımın altında tapdalamamışam, diqqətlə baxsaz görərsiz ki, bayraq ayağımın arxa tərəfindədir. Artıq deyə bilmərəm bayraq ora necə düşüb, dediyim kimi uşaqlar hərəkət edir ola bilsin ki, onda düşüb. Mən uşaq deyiləm, mən pedaqoqam biz uşaqlara vətənpərvərlik aşılayırıq. Belə hərəkəti bilərəkdən necə edə bilərik?! Kimin nə deməsindən asılı olmayaraq, onu deyə bilərəm ki, mən bayrağına, ölkəsinə, dövlətinə hörmət edən və sevən biriyəm. Söylənilən fikirlər mənə qarşı qərəzli böhtandır, qarayaxmadır”.
Maraqlıdır, 2019-cu ildə çəkilən foto kimlər və hansı məqsədlə 3 il keçdikdən sonra gündəmə gətirilir? R. Qurbanovanın öz ittihamları var. O, iddia edib ki, foto həmin məktəbdə coğrafiya müəlliməsi çalışan Sona Bağırova tərəfindən paylaşılıb.
“Şəkildə tək mən deyiləm, yanımda Sona müəllimə də var. Şəklin paylaşılması ona məxsudur. Birinci özünə dedim ki, niyə paylaşmısan, bir səbəb olsun ki, paylaşasız. Nə doğum günümdür, nə tədbir, nə də bayram deyil. Mənə cavabında,- “ Heç bir məqsədsiz paylaşmışam. Bu vəziyyətdə axı mən nə edə bilərəm ? İnsanlar da baxır, səhv anlayır”.
Məsələ ilə bağlı Sona müəllimə isə saytımıza bildirib ki, o, fotonu pis niyyətlə paylaşmayıb, həmçinin qeyd edib ki, görüntü whatsapp statusundan başqa heç bir sosial şəbəkədə paylaşılmayıb.
“Reyhanə müəlliməyə böyük hörmətim var. Fotonun da çəkilmə tarixi bəllidir. Mən həmin fotonu whatsapp statusumda paylaşmışdım, artıq oradan öz məqsədlərindən istifadə etmək üçün kim götürüb, yayıbsa bu mənim günahım deyil”.
Ləman Abbaslı