Xəbər verdiyimiz kimi Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqqında kitab yazıb.
“Əbülfəz Elçibəy: həyatı və mübarizəsi” adlanan bu kitabda siyasi xadimin həyat və yaradıcılığından bəhs edilir.
Çilənay xanımın həyat yoldaşı Aqil Səmədbəyli Ednews-a açıqlaması zamanı kitab haqqında məlumat verib. O, bildirib ki, kitabın imza gününün tarixi hələ ki, bəlli deyil.
“Kitab elmi standartlara uyğun hazırlanıb və bütün səlahiyyətlər “Ötükən Yayınları”-na aiddir. Kitabı əldə etmək istəyənlər Azərbaycandan onlayn sifariş verə bilər. İmza günü ilə bağlı hələ ki, dəqiq tarix yoxdur”.
İndiyədək Elçibəy haqqında çox kitab yazıldığını vurğulayan Aqil Səmədbəyli həmçinin nəşrin digərlərindən fərqindən də danışıb.
“Kitabda həm bəyin həyatı, həm də siyasi mübarizəsi haqqında yazılıb. Öncə belə kitablar çox olub, lakin bu kitab bilinən standartlara görə yazılmayıb. Çilənay xanımdan başqa kitabın yazılması və çapında İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Ümumi Türk Tarixi kafedrasının müdiri İlyas Topsakal bəyin məsləhəti və köməyi olub”.
Aqil Səmədbəylinin sözlərinə görə, kitabın digər özəlliyi Elçibəy haqqında hamının bu günə qədər gözündən qaçan önəmli nüansların olmasıdır. O, söhbət zamanı maraqlı bir faktın da üzərini açıb.
“Öncə də qeyd ediyim kimi kitabın başqalarından fərqli cəhətləri var. Bu özəllik odur ki, kitabda hamının gözündən qaçan önəmli məqamlar qeyd edilib. Məsələn: indiyədək Əbülfəz Elçibəyin tərcümeyi halında doğum tarixi 1938-ci il yazılıb. Ancaq universiteti bitirmə tarixinə baxsaz orada müəyyən fərqlər görə bilərsiz. Çilənay xanımın araşdırması zamanı məlum olub ki, bəy birinci sinifə gedərkən müəllim onun xətrinə dəyib. Əbülfəz Elçibəy də müəllimə etiraz olaraq, bir il məktəbə getməyib. Ona görə bəyin tərcümeyi halında illər arasında o qədər fərq var”.
Ləman Abbaslı