İyunun 28-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.
Ednews xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi və blogerlər iştirak edir.
Səfər çərçivəsində QHT nümayəndələrinə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb.
Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. APA.az-ın məlumatına görə, QHT nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.