Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Baş verən hadisə ilə bağlı Xalidə Kəngərlinin həkim yoldaşı cərrah Rəşid Əliyev Ednews-a açıqlamasında bildirib ki, onlar bunun intihar olmadığına əmindirlər.
“Mən müstəntiq deyiləm, amma intihar hadisəsi təsdiqlənməmiş bu xəbərlərin yayılmasını düzgün hesab etmirəm. Biri yazır intihar edib, o biri yazır psixoloji durumu yerində deyildi. Bu cür xəbərlər bizə ağır gəlir. Biz buna inanmırıq və tam əminik ki, bu intihar deyil. Hər hansı bir səbəbdən onu eyvandan atmağa kömək və ya bunu etməyə onu məcbur ediblər. Bu insanın öz iradəsi ilə o addımı atmaması birmənalı şəkildə aydındır”.
Rəşid Əliyevin sözlərinə görə, Xalidə xanım ailəsində ciddi problemlər yaşayırdı.
“O, dəfələrlə döyülüb, söyülüb, üstünə hücum çəkilib. Yaxın ətrafında olan hamı bunu bilirdi və bu heç kimə sirr deyildi. Həmin gün onda intihara aid zərrə qədər bir vəziyyət yox idi, əhval-ruhiyyəsi çox yaxşı idi, işə gəlib, normal fəaliyyətini davam edib. Amma 20-25 gün öncə ciddi depressiyada idi, evdə problem yaşamışdı, sonra özünə gəldi və işə çıxırdı".
O, Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji cəhətdən sağlam olmadığı xəbərinə də münasibət bildirib.
“Psixoloji cəhətdən sağlam olmayan insan illərlə Gömrük Komitəsində necə işləyə bilər?! İçkili olanda Xalidəni çox incidirdi. Sonuncu dəfə də mənə dedi ki, əri ona şəkil yollayıb. Düzü nə şəkli olduğuna baxmadım, stol şəkli və ya butulka fotosu idi, dəqiq bilmədim. Şəkili atdıqdan sonra isə Xalidəyə yazıb ki, içirəm və səni gözləyirəm. Ondan sonra isə bu hadisə baş verib. Biz haqqı bilmək istəyirik. Günahkar cəzasını almalıdır”.
Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov mətbuata açıqlamasında həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Gömrük Komitəsində çalışdığını təsdiqləyib. O, bildirib ki, Rüfət Kəngərli Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru vəzifəsində çalışır.
Qeyd edək ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı həyat yoldaşının istintaq orqanı tərəfindən izahatı alınıb.
Faktla bağlı istintaq orqanı tərəfindən aparılan araşdırmalar çərçivəsində mərhumun son telefon yazışmaları araşdırılır. Eyni zamanda, onun yaxınlarının izahatları da verilən ifadələr arasındadı.
Xatırladaq ki, iyunun 28-də 1984-cü il təvəllüdlü Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb. O, Kəpəz Hospitalında həkim ginekoloq kimi fəaliyyət göstərirdi.
Gülnar Səlimova