Məşhur amerikalı aktyor Mett Ford ölkədə meymunçiçəyi diaqnozu qoyulan ilk şəxs olub.
Ednews xarici mediaya istinadən xəbər verir ki, sənətçi başına gələnlərlə bağlı tvitter hesabında paylaşım edib. 30 yaşlı gənc xəstəliyin dəhşətli olduğunu vurğulayaraq, insanlardan daha diqqətli olmalarını istəyib. Fordun bəyanatları ABŞ-da və bütün dünyada geniş əks-səda doğurub.
İyunun 17-də xəstəliyə tutulduğunu düşünən Ford ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərini (CDC) tənqid edərək, səlahiyyətlilərin ona diaqnoz qoymasının təxminən 3 gün çəkdiyini iddia edib.
Ford ilk əlamət olaraq qasıq nahiyəsində qabarcıqlar gördüyünü, daha sonra bu ləkələrin üzü, qolları və əlləri də daxil olmaqla bədəninin qalan hissəsinə yayıldığını açıqlayıb:
"Bədənimdə sızanaq kimi qabarcıqlar var idi və hamısı qaşınırdı. Məncə, ümumilikdə 25-ni saydım. Bəziləri o qədər ağrılı idi ki, ağrıkəsicisiz yata bilmirdim. Əvvəllər belə ağrılar yaşamamışdım. Getdim həkimə müraciət etdim və testim müsbət çıxdı. Bədənimdə qabarcıqlardan başqa qrip əlamətləri var idi: yüksək hərarət, öskürək, gecə tərləməsi və üşümə oldu.
Əvvəlcə tez-tez duş və ağrıkəsicilərlə ağrıları aradan qaldırmağa çalışırdım. Semptomlar görünəndən təxminən bir həftə sonra azalmağa başladı. İndi isə yaraların qabıqlanmasını və azalmasını gözləyirəm".