Son zamanlarda “Toyota Prius” markalı avtomobillərin qəzaya uğraması xəbərləri gündəmi zəbt edib.
Bu haqda Ednews - a nəqliyyat eksperti Elməddin Muradlı deyib. O, həmçinin qeyd edib ki, “Toyota Prius” markalı avtomobilləri daha çox bolt və uber şirkətinin taksi sürücüləri istifadə edir. Qəzaların çoxunda da göründüyü kimi onlar tez -tez yol nəqliyyat qaydalarının pozurlar.
“Dövlət taksi şirkətləri qarşısında konkret tələblər qoymalıdır. Şirkətlər Azərbaycan qayda qanunlarına uyğun işləməlidirlər. Çünki onlar hazırda özbaşınalıqla məşğuldurlar”.
Nəqliyyat eksperti taksi sürücülərinin bir çox cəhətdən avtomobili təhlükəli formada idarə etdiyini deyib. Onun sözlərinə görə, həmin şirkətlərdə işləmək üçün sadəcə olaraq avtomobilin pasportu, sürücülük vəsiqəsi və yaxud etibarnamənin fotosu tələb olunur. Bundan sonra asanlıqla heç bir yoxlamadan keçmədən şirkətin işçisinə çevrilirsən.
“Sürücülər narkoloji dispanserdə müayinədən keçirilmir, məhkumluq və sağlamlıqla bağlı arayış almır. Müştərilər bəzən sürücülərlə bağlı şikayətlər edirlər”.
Elməddin Muradlı bildirib ki, həmin şirkətlər sürücüləri istismar edir. Şirkətlərin qoyduqları şərtləri yerinə yetirmək üçün sürücülər məcbur çox işləyirlər.
“Məsələn şirkət sürücüyə günə 25 gediş etsə, ayın sonunda mükafat verəcəyini söz verir. Sürücülər də özlərinin yerə göyə vurur ki, günə 25 gedişi tamamlasın. Azərbaycanda qanuna görə 4 saatdan artıq mütəmadi maşın sürmək olmaz, xaricdə bu müddət bu 2 saat hesablanır. Bizdə isə sürücülər səhər saat 6-dan axşam saat 12 - yə qədər işləyirlər. Bu cür iş qrafiki ilə çalşan adam təbii ki yorğun olur və diqqətsizlik edib, qəza törədir”.
Ekspert bu ilin əvvəlində Prezidentin imzaladığı fərman haqqında da danışıb. O, qeyd edib ki, fərmanda birbaşa göstərilir ki, taksi faəliyyətinin təkminləşdirilməsi zəruridir.
“Prezidentin imzaladığı fərman tez bir zaman da həyata keçirilməlidir. Hazırda mükəmməl hüquqi baza yoxdur. Taksi şirkətləri də bundan istifadə edirlər. Mən düşünürəm ki, Azərbaycanda o şirkətlərin fəaliyyət göstərməsinə heç bir ehtiyyac yoxdur”.
Aliyə İlyas