Roza Zərgərlinin oğlu Corc Qafarov niyə evlə təmin olunub? - RƏSMİ AÇIQLAMA - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Roza Zərgərlinin oğlu Corc Qafarov niyə evlə təmin olunub? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət A- A A+
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova dövlət tərəfindən mənzil hədiyyə edilməsi ictimaiyyətdə böyük müzakirələrə səbəb olub. Bəzi insanlar bu məsələdə ayrı-seçkiliyin olduğunu düşünür.
 
Dövlət tərəfindən valideyn himayəsindən məhrum şəxslərə ev verilməsi hansı formada həyata keçirilir?
 
Aktyor Corc Qafarov özü mətbuata açıqlamasında bildirib ki, dövlət tərəfindən onun qardaşının da mənzillə təmin olunması üçün müraciəti təmin olunub.
 
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi Corc Qafarova niyə ev verilməsinə aydınlıq gətirib.
 
Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov xatırladıb ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:
 
“Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o, müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”.
 
Məsələ ilə bağlı vəkil Fariz Namazlı Ednews-a açıqlamasına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanunun 7-ci maddəsinə görə, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. 
 
“Mətbuatda gedən məlumatlardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki  yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir”.
 
Ekspertin sözlərinə görə, burada əsas məsələ həmin şəxsin rəsmi qaydada övladlığa götürülüb  götürülməməsini müəyyən etmək lazımdır.
 
“Çünki övladlığa götürülmə rəsmiləşdirilibsə, həmin şəxs valideyn himayəsindən məhrum edilmiş şəxs statusuna malik deyil və bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan güzəştlərdən istifadə edə bilməz”.
 
Qeyd edək ki, Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri verilir.
 
2015-ci ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”ni təsdiq edib.
 
Nizamnaməyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanında yerləşir.
 
Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...