Umud Mirzəyev: - “Bu gün Azərbaycanda çoxəsrlik inkişaf yolu ilə seçilən media şəbəkəsi formalaşıb” - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Umud Mirzəyev: - “Bu gün Azərbaycanda çoxəsrlik inkişaf yolu ilə seçilən media şəbəkəsi formalaşıb”

Cəmiyyət A- A A+
22 iyul 1875-ci ildə Milli Mətbuatımızın əsası qoyulub. Sabah Azərbaycan jurnalistləri bu əlamətdar günü təntənəli şəkildə qeyd edəcəklər. 
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bu münasibətlə milli mətbuatın dünəni, bu günü və sabahı ilə əlaqədar fikirlərini Ednews-un oxucuları ilə bölüşüb.
 
O, ilk növbədə bu əlamətdar gün münasibətilə bütün həmkarlarını təbrik edib.
 
“Bu gün dünya mediasında bir sıra yeniliklərə imza atılır. Yeni texnologiyaların inkişafı, internet imkanlarının əlçatanlığı media sahəsində də böyük dəyişiklərə yol açmaqdadır. Elə bir dövrdə yaşayırıq ki, artıq print media öz yerini elektron mediaya verib və demək olar ki, kölgədə qalıb. Bununla yanaşı, sosial şəbəkələrdən düzgün istifadənin imkanları da getdikcə genişlənməkdədir. Burada ən böyük üstünlük isə informasiyanın daha çox insana, daha tez çatdırılması ilə bağlıdır. Paylaşılan informasiya sürətlə yayılması ilə yanaşı, bir o qədər də tez köhnəlməsi ilə diqqət çəkməkdədir. Bu imkanlardan istifadə edən əksər peşəkar jurnalistlər isə sərbəst çalışmağa üstünlük verirlər. Onlar bu fəaliyyətləri ilə özlərinin şəxsi bloqlarını, internet kanallarını yaradaraq artıq şəxsi oxucu kütləsi də toplaya biliblər. Hətta, günümüzdə mobil telefonlar vasitəsilə asanlıqla süjetlər hazırlamaq və informasiyaları yayımlamaq da mümkündür".
 
U. Mirzəyev həmçinin qeyd edib ki, bu gün Azərbaycanda dünya ilə ayaqlaşan və özünün çoxəsrlik inkişaf yolu ilə seçilən media şəbəkəsi formalaşıb.
 
"Artıq, qeyd etdiyim yeniliklər ölkə mediasına da nüfuz etməkdədir. Medianın bu istiqamətlərdə inkişafı üçün lazımi imkanlar var və bundan yararlananlar da az deyil. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi elektron medianın inkişafına öz dəstəyini göstərir və bu sahədə yeniliklərin tətbiq olunmasında maraqlıdır. Azərbaycan mediasının beynəlxalq aləmə nüfuz etməsini də ayrıca qeyd etmək olar. Bu gün bir neçə xarici dildə fəaliyyət göstərən yerli xəbər saytları var ki, artıq ölkənin hüdudlarından kənarda müəyyən oxucu kütləsi toplaya biliblər. Onu da əlavə edə bilərəm ki, II Qarabağ zəfərindən sonra Azərbaycan mediasında fərqli bir canlanma müşahidə edilməkdədir.
 
Əlbəttə, bütün bunlar Azərbaycan mediasının uğurudur və gələcək üçün daha da inkişaf edə biləcəyinin göstəricisidir. Ancaq, bəzi problemlər də vardır ki, bunun da əsasında jurnalistlərin peşə kodeksinə əməl etməmələri və peşəkarlıq, keyfiyyət çatışmazlıqları dayanır. Düşünürəm ki, zaman-zaman bütün problemlər aradan qaldırılacaq və mediamız daha da inkişaf edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...