“Karantin rejiminin yumşaldılmasına görə inzibati cərimələrin aradan qaldırılması vətəndaşların sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək”.
Bu sözləri Ednews-a açıqlaması zamanı deputat Fazil Mustafa deyib. O, qeyd edib ki, karantin rejiminin yumşaldılması bu cərimələrin ləğvinə şərait yaradır.
“Sətləşdirilən karantin dövründə verilən inzibati cərimələr mühüm əhəmiyyət kəsb edirdi. Karantin rejimini pozan vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi Covid-19-a yoluxma prosesini minimuma endirmək məqsədi daşıyırdı.
Dövlət tərəfindən atılan bu addım şəxsi və ictimai təhlükəsizliyin təmin edilməsi kimi qiymətləndirilir. Lakin bu gün karantin rejiminin yumşaldılması müşahidə olunur, bu da öz növbəsində cərimələrin ləğvinə şərait yaradır. Bundan başqa, bunun üçün həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müəyyən hüquqi ilkin şərtlər mövcuddur. Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində vurğulanır:
Fiziki və hüquqi qüvvələrin hüquqi vəziyyətini təkmilləşdirən normativ hüquqi aktlar geriyə qüvvəyə malikdir. Oxşar məqam İnzibati Məcəllədə nəzərdə tutulub. Cərimələrin ləğvi ilə bağlı yekun qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verməlidir. Bununla belə, vətəndaşlar yuxarıda göstərilən hüquqi aktlara istinad edərək, qanuni hüquqlarını həyata keçirmək üçün bu məsələ ilə bağlı məhkəmələrə müraciət edə bilərlər”, - deyə, deputat qeyd edib.
Millət vəkili Azərbaycanın bu istiqamətdə xarici dövlətlərin təcrübəsinə istinad etməsinə də diqqət çəkib.
“Qonşu Gürcüstanda karantinə əməl etməyən 20 milyon dollar məbləğində inzibati cərimələrin ləğvi barədə qərar qəbul edilib. Eyni mənzərə Avropada da müşahidə olunur. Əslində, analoji mexanizm ölkəmizdə də tətbiq olunmalıdır ki, bu da ölkənin sürətli inkişafına töhfə verəcək”, - deyə F.Mustafa fikrinini yekunlaşdırıb.
Xaliq Quliyev