Azərbaycanın Böyük Britaniya və Şimali İranladiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Mətbuatın verdiyi məlumata əsasən, hücuma görə məsuliyyəti şiə ekstremist təşkilatı olan "Mehdi Qulluqçuları Birliyi" - Küveytdən olan mühacirlər öz üzərinə götürüb.
Məsələ ilə bağlı Ednews - a danışan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, bu, radikal qrupların Azərbaycana qarşı məkrli niyyətidir. O, bildirib ki, diplomatik nümayəndəliyə qarşı vandalizm təxribat yaratmağa hesablanıb:
"Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüarlar səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm və bunu yolverilməz sayıram”.
BAMF-ın prezidenti həm də hadisənin İran İslam Respublikası tərəfindən törədilməsi haqqında gəzən fikirlərə də münasibət bildirib.
“Bu təşkilatın üzvləri bir vaxtlar İran səfirliyinə də hücum təşkil ediblər. Amma konkret olaraq təşkilatın İran rəhbərliyinin əmri ilə hərəkət etməsini sübut edən bir dəlil, fakt yoxdur. Onların ideologiyası və düşüncəsi ölkəmizin təhlükəsizliyinə təhdidlər törədir. Ekstremist dini cərəyanlara qarşı mübarizə təkcə hüquq-mühafizə səviyyəsində yox, həmçinin ideoloji zəmində də aparılmalıdır”.
Umud Mirzəyev həmçinin qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə uyğun ola bilməz.
“Azərbaycan bayrağı uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşaraq şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir. O bayrağın təhqir edilməsi təkcə Azərbaycan dövlətinə deyil, ümumilikdə ölkə vətəndaşlarına qarşı həqarət və dövlətçiliyimizə qarşı təhditdir".
Sonda BAMF-ın prezidenti fikirlərini belə yekunlaşdırıb:
"Mən düşünürəm ki, "Qisas" əməliyyatı kimlərisə narahat edib və onlar dindən istifadə etməklə Azərbaycanda hansısa bir qarışıdurma yaratmağa cəhd göstəriblər. Çünki dünəndən etibarən Erməni mediasında Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum geniş formada paylaşılır. Biz təxribatın hansı qüvvələr tərəfindən törədildiyini təxmin edirik, lakin aparılan araşdırmalar nəticəsində hadisənin əsl səbəbkarları dəqiq müəyyən ediləcək . Bütün hallarda baş verən hadisəni qətiyyətlə pisləyir və bunu yolverilməz sayırıq".